Avqustun 25-də Təhsil Nazirliyi, KİV və ictimaiyyət nümayəndələri 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsini izləyib.
×
Avqustun 25-də Təhsil Nazirliyi, KİV və ictimaiyyət nümayəndələri 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsini izləyib.
AZƏRTAC xəbər verir ki, mediatur iştirakçılarına müsahibə mərhələsi haqqında ətraflı məlumat verilib.
Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli bildirib ki, avqustun 18-dən başlanan müsahibə mərhələsində müsabiqənin test imtahanında 30 və daha yüksək bal toplamış namizədlər iştirak edir. Müsahibələr mərkəzləşdirilmiş formada yalnız Bakıda təşkil olunub. Müsahibə mərhələsinə fənlər üzrə ümumilikdə 4 min 973 namizəd dəvət olunub. 23 müsahibə komissiyası təşkil edilib. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq proqrama uyğun olaraq komissiya tərəfindən yoxlanılır. Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar. Bu günədək müsahibə mərhələsində 3 mindən çox namizəd iştirak edib. Üç minə yaxın namizədin müsahibə nəticələri onların şəxsi səhifələrinə göndərilib.
Nurlan İsmayılbəyli diqqətə çatdırıb ki, avqustun 24-dən etibarən müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesinə də start verilib. Mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ verilib. Bu qəbul prosesində müəllimlərin müddətli müqavilə ilə qəbulunda nəzərdə tutulmayan 500-ə qədər vakansiya təqdim olunub.