×
Mayın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Müasir informasiya məkanında turizmin dayanıqlı inkişafı və sosial-mədəni innovasiyalar” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, ADMİU-nun yaradılmasının 100 illiyinə həsr edilən konfransın əsas məqsədi elmin müxtəlif sahələrinin, o cümlədən turizm və sosial-mədəni xidmət mühitinin müasir inkişaf tendensiyalarını araşdırmaq, tətbiq edilən innovativ texnologiyaların müqayisəli qiymətləndirilməsi məsələlərinə dair səmərəli təkliflər verməkdir.
Konfransı ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq bildirib ki, bu il universitetin 100 illik yubileyi qeyd olunur. Bu münasibətlə universitetdə bir sıra tədbirlər keçirilir. Respublika elmi-nəzəri konfransının əhəmiyyətini vurğulayan rektor qeyd edib ki, turizm sektoru iqtisadiyyatın inkişafında, ölkənin mədəni siyasətinin həyata keçirilməsində çox vacib amillərdən biridir. Həyatımızın bir çox sahələrində olduğu kimi turizm sahəsində də innovasiyaların və yeni metodların tətbiqi, rəqəmsallaşma böyük vüsət alıb. Azərbaycanda turizmin inkişafı dövlətin prioritet məsələlərindən biridir. Ölkəmizdə turizmin inkişafında da bu məsələ çox böyük aktuallıq təşkil edir. Bu sahədə daim dünya təcrübəsinə arxalanmalı və həmin təcrübənin tətbiq olunması barədə fikir mübadiləsi aparmaq çox vacibdir. Bunun üçün də bugünkü konfransda turizm sahəsindən olan mütəxəssislər, müxtəlif qurumların nümayəndələri iştirak edir. Tədbirdə onların məruzələri dinləniləcək, fikir mübadiləsi aparılacaq.
Konfransda Milli Məclisin deputatı İqbal Məmmədov, Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova, Dövlət Turizm Agentliyinin Təhsil və təlim sektorunun müdiri Arzu Tairquliyeva-Nağıyeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni mərkəzinin direktor müavini Səbinə Yadullayeva, Turizm və Menecment Universitetinin baş müəllimi Əlixan Mürvətov, Azərbaycan Turizm Assosiasiyası İdarə Heyəti sədrinin müşaviri Müzəffər Ağakərimov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Menecment kafedrasının müdiri Qəzənfər Süleymanov və digər çıxış edənlər ölkəmizdə turizmin və kitabxanaların inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu və mühüm xidmətlərindən, kitabxana işi sahəsində Ulu Öndərin siyasətindən, Azərbaycanda turizmin mövcud vəziyyətindən və inkişaf perspektivlərindən söz açıblar. Çıxış edənlər, həmçinin hazırda dövlətimiz tərəfindən turizmin inkişafına göstərilən diqqət və qayğıdan, uğurlardan və bu sahədə imzalanan müvafiq sənədlərdən bəhs ediblər. Vurğulanıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə turizm sektorunda daha böyük nailiyyətlər əldə edilib. Bu gün Azərbaycanda turizmin inkişafı respublikamıza xarici vətəndaşların cəlb edilməsi, iqtisadiyyatın güclənməsi, iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət kəsb edir. Bu isə dövlət siyasətinin prioritet məsələlərindən biridir. Təkcə paytaxtda deyil, regionlarımızda da müasir standartlara cavab verən hotel və istirahət mərkəzləri tikilərək istifadəyə verilib. Həmçinin ölkəmizdə iş adamları, turizm sahəsində çalışanlar üçün zəruri şərait yaradılıb.
Konfrans işini “Turizm və iqtisadiyyat”, “Kitabxanaçılıq və informasiya fəaliyyəti. Muzeyşünaslıq və arxiv işi”, “Sosial iş və sosiologiya, sənətşünaslıq” bölmələri üzrə davam etdirib. Bölmə iclaslarında “Turizm və sosial mühit”, “Ölkənin tanıdılmasında milli mətbəx turizminin əhəmiyyəti”, “Azərbaycan və Türkiyə mədəni əlaqələrində turizm faktoru”, “Kitabxanalarda elektron informasiya resursları ilə işin təşkili”, “Turizm sənayesinin əsas seqmentlərinə innovativ texnologiyaların inteqrasiyası”, “Müasir muzey fəaliyyətinin əsas istiqamətləri”, “Heydər Əliyevin yeni Azərbaycan cəmiyyəti quruculuğundakı rolu”, “Elmi təfəkkürün inkişaf tarixi”, “Turizm sektorunda dayanıqlı regional inkişaf prinsipləri” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.