Bakı Kitab Mərkəzində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markasının təqdimat mərasimi keçirilib.
×
Bakı Kitab Mərkəzində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markasının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin və “AZCON Holding” şirkətlərindən olan “Azərpoçt” MMC-nin rəhbərliyi, paralimpiyaçılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eləcə də Vətən müharibəsində həlak olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri, Ümumdünya Filateliya İnkişafı Assosiasiyasının sədri Sitarə Hüseynova bildirib ki, 9 paraidman növünü özündə əks etdirən marka Paralimpiya və Milli Paralimpiya hərəkatımıza aid ilk poçt markası xarakteri daşıyır.
Azərbaycanın ilk Paralimpiya çempionu İlham Zəkiyev çıxışında bu kimi tədbirlərin və təbliğat xarakterli materialların Azərbaycanın paralimpiya hərəkatının keçdiyi inkişaf yoluna, paralimpiya hərəkatının və inklüzivliyin təşviqinə dəstək olacağını vurğulayıb.
Daha sonra Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası və xüsusi zərf təqdim edilib. Təqdimat zamanı poçt markasının dizaynı və üzərində əks olunan elementlər barədə iştirakçılara məlumat verilib.
Tədbir zamanı, həmçinin paralimpiyaçılarımızın uğurlu çıxışlarını əks etdirən videoçarxlar təqdim olunub.
AZƏRTAC-a müsahibəsində Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov bu kimi tədbirlərin əhəmiyyətindən və rolundan söz açıb. Baş katib bildirib ki, belə layihələrin keçirilməsi paralimpiya hərəkatının təbliği baxımından böyük önəm kəsb edir. O, bu istiqamətdə işlərin davamlı olacağını vurğulayaraq, Komitənin hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu və qarşıda çoxlu layihələrin gözlənildiyini diqqətə çatdırıb.