×
Bu gün adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümüdür. Bu gün həm də böyük bəstəkarın şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür.
Mədəniyyət tariximizin bu əlamətdar gününün tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir bəyin məzarının ziyarət olunması ilə başlanıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli mərasimə toplaşanları Milli Musiqi Günü münasibətilə təbrik edərək bildirib ki, 18 sentyabr mədəniyyətimizin ən əlamətdar günlərindən biridir. Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür.
“Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəylinin xatirəsini hər birimiz dərin hörmət və ehtiramla yad edirik. 2025-ci il fevralın 3-də Prezident İlham Əliyev Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Sərəncam imzalayıb. Ölkəmizdə bu əlamətdar tarix yüksək səviyyədə, təntənəli şəkildə keçirilir. Tədbirlər planı hazırlanıb. 140 illik yubiley çərçivəsində Azərbaycanın musiqi incilərinin ən gözəl nümunələri təkcə ölkəmizdə deyil, bütün dünyada geniş şəkildə səsləndirilir. Hətta İtaliya, Avstriya, Almaniya və Türkiyə kimi ölkələrdə də konsertlər təşkil olunur”, - deyə o qeyd edib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan musiqisini heyrətamiz sürətlə inkişaf etdirdiyini qeyd edib: "Ancaq o, bu qədər yeniliklər yarada, möhtəşəm əsərlər bəstələyə və insanları öz ideyaları ətrafında birləşdirə bilərdi. Bütün bunlar Üzeyir Hacıbəylinin şəxsiyyətinin və yaradıcılığının nə qədər zəngin, əvəzsiz və təsirli olduğunu göstərir. Onun musiqisi təkcə milli mədəniyyətimizin deyil, həm də dünya musiqi xəzinəsinin incilərindəndir. Üzeyir bəyin gətirdiyi yeniliklər bu gün də Azərbaycan musiqiçilərinə, bəstəkarlarına və gənc istedadlara ilham verir. Onun yaradıcılığı milli kimliyimizin, musiqi irsimizin və mədəni dəyərlərimizin dünyaya tanıdılmasında misilsiz rol oynayıb və gələcək nəsillər üçün yol göstərən bir məktəb olaraq qalır”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar dahi bəstəkarın ölməz irsindən söz açıb. Bildirib ki, nə qədər ki, Azərbaycan xalqı var, dahi bəstəkarın ölməz irsi hər zaman yaşayacaq.