Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
×
Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.
Tədbirdə Müdafiə Nazirliyinin Nümunəvi və Əlahiddə Hərbi Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 18-də Bakıda, H.Z.Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Üzeyir bəy "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları ilə Şərqdə musiqili teatrın banisi kimi tanınıb. Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi, şah əsəri olan "Koroğlu" operası Azərbaycan musiqi sənəti tarixində yeni bir səhifə açıb. Üzeyir bəy Azərbaycanda musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətimizin inkişafına rəhbərlik edib. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırıb.
Üzeyir Hacıbəylinin yaradıcılıq yolu bu gün də uğurla davam etdirilir. Onun yaratdığı bəstəkarlıq məktəbinin yetirmələri sayəsində Azərbaycan musiqisi dünyada tanınır və sevilir. Azərbaycan musiqiçilərinin nüfuzlu beynəlxalq festival və müsabiqələrdə qazandıqları mükafatlar bunu bir daha təsdiq edir.