×
Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə kitabxanada qazax ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, ictimai xadim Kemel Tokayevin 100 illiyinə və XX əsrin Azərbaycan ədəbiyyatının klassiki, görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunmuş “Türk dünyası ədəbiyyatının tərlanları” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Konfransdan öncə Qazax ədəbiyyatının görkəmli yazıçısı Kemel Tokayevin və XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş kitab sərgisinin açılışı olub.
Sonra Milli Kitabxananın direktoru Kərim Tahirov konfransın plenar iclasını açıq elan edib.
Kemel Tokayevin “Gec açılan atəş” və Mir Calal Paşayevin “Dağların ürəyi" kitablarının təqdimat mərasiminin Milli Kitabxananın 100 illik yubileyin qeyd edilməsi ərəfəsində keçirilməsinin xüsusi önəm kəsb etdiyini söyləyən mədəniyyət naziri Adil Kərimli, bunun iki ölkə üçün böyük bir hadisə olduğunu bildirib. Nazir Qazaxıstan-Azərbaycan münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayaraq, ölkələrimizin dostluq və qardaşlıq əlaqələrinin əsrlərə söykəndiyini deyib. O, hər iki xalqın oxucuları üçün bu kitabların dəyərli əsərlər olacağını bildirib.
Öz növbəsində Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otorbayev Azərbaycan və Qazaxıstan xalqlarının ənənələrinin və mədəniyyətinin bir-birinə yaxın olmasını qeyd edərək, tədbirin keçirilməsi münasibətilə Qazaxıstan Prezidentinin təbrik məktubunu oxuyub.
Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev 2023-cü ilin yubileylərlə əlamətdar il olduğunu deyib: “Bu il Ümummilli Lider Heydər Əliyevin və görkəmli qazax yazıçısı Kemel Tokayevin 100 illiyi və Azərbaycan Milli Kitabxanasının yaradılmasının bir əsri tamam olur. Bu çərçivədə hər iki ölkədə silsilə tədbirlər təşkil olunur. Hazırda toplaşdığımız tədbir də bu qəbildəndir”.
İki qardaş ölkənin qarşılıqlı mədəni əlaqələrindən danışan Hafiz Paşayev konfrans çərçivəsində təqdimatı olan K.Tokayevin “Gec açılan atəş” və M.C.Paşayevin “Dağların ürəyi" kitablarının əhəmiyyətindən danışıb. Natiq qeyd edib ki. K.Tokayevin Azərbaycan dilində çap olunan "Gecə açılan atəş" və M.C.Paşayevin qazax dilində çap olunan "Dağların ürəyi" kitabları iki qardaş xalqın ədəbi əlaqələrinin yaxınlaşmasına töhfə verəcək. H.Paşayev bildirib ki, konfrans çərçivəsində Türk dünyasının bədii söz ustaları sayılan hər iki görkəmli yazıçının əsərlər toplusunun təqdimatı və onların yaradıcılığına həsr olunmuş kitab-rəsm sərgilərinin təşkili ədəbi əlaqələrimizin yeni səviyyəyə qalxmasının göstəricisidir.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Qazaxıstanın hər zaman Azərbaycanın yanında olacağını diqqətə çatdırıb. Diplomat onu da vurğulayıb ki, iki ölkə prezidentlərinin etimada söykənən dialoqu sayəsində mövcud olan hərtərəfli əməkdaşlıq bu gün yeni səviyyəyə yüksəlib.
Kemel Tokayevin Qazaxıstanın çox dəyərli ədəbiyyat xadimlərindən biri olduğunu deyən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, onun yaradıcılığı da çox önəmli və dərindir. Qeyd edib ki, bu iki yaradıcılığı birləşdirən önəmli amillər var - vətənpərvərlik və milli düşüncə. “Mən milli təhlükəsizliyin arxivlərində jurnalist kimi çalışanda Mir Cəlal müəllimin heç vaxt hər hansı bir ziyalı ilə bağlı mənfi düşüncəsini eşitməmişəm. O, milli düşüncə, həmçinin ədəbiyyat gücündən istifadə edərək hər zaman xalqına önəmli mesajlar çatdırıb. Bu gün biz onları yad etməklə bərabər gənc nəsillərimizə önəmli mesaj veririk və gənc nəsillərimizin belə böyük ədəbiyyat xadimlərimizi oxuması biz iki qardaş xalqın gələcəyi üçün çox önəmlidir”, - deyə bildirib.
Konfrans zamanı iştirakçılar K.Tokayevin və M.Paşayevin həyatı və yaradıcılığı haqqında məruzələrlə çıxış edib, mədəni qarşılıqlı fəaliyyət yolu ilə türk xalqlarının bundan sonra da bir-birinə yaxınlaşmasının vacibliyi haqqında fikir mübadiləsi aparıblar.