AZƏRTAC yeni rubrikası çərçivəsində Azərbaycan rayonlarında, eləcə də Bakı və onun ətrafında yerləşən maraqlı, lakin az tanınan görməli yerlər haqqında məlumat verməyə davam edir.
×
AZƏRTAC yeni rubrikası çərçivəsində Azərbaycan rayonlarında, eləcə də Bakı və onun ətrafında yerləşən maraqlı, lakin az tanınan görməli yerlər haqqında məlumat verməyə davam edir. Bu dəfə yolumuz 8 Noyabr prospektində, Dənizkənarı Milli Parkın önündə yerləşən Zəfər parkınadır.
Xalqımızın qələbə salnaməsini yaşadan, şəhidlərin əziz xatirəsini əbədiləşdirən, qürurun və ehtiramın simvoluna çevrilmiş Zəfər parkı Vətən müharibəsində qazanılmış böyük Qələbənin şanlı tarixini əks etdirir. Ərazisi 10 hektara yaxın olan bu geniş və möhtəşəm park, həm mənəvi, həm də memarlıq baxımından təsirli bir məkandır.
Parkın girişində ucaldılmış Zəfər tağı – 44 günlük Vətən müharibəsinin simvolu olaraq xüsusi diqqət çəkir. Bu monumental tağın hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı isə 44-dür. Hər bir ölçü rəmzi məna daşıyır – xalqın mübarizə əzmini, şəhidlərimizin izini və Qələbənin əzəmətini əks etdirir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2024-cü il noyabrın 8-də - Zəfər Günündə parkın rəsmi açılışı olub.