Mayın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
×
Mayın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, öncə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqi və Türkmən Ədəbiyyatı Mərkəzinin açılışı olub.
Beynəlxalq elmi konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan-Türkmənistan elmi-ədəbi əlaqələrinin inkişafından danışıb, iki ölkənin tarixi köklərinin, mədəniyyətinin, dilinin, ədəbiyyatının bir-birinə yaxın olduğunu bildirib.
Açılış mərasimində, həmçinin Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov, Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Allaberdi Aşırov çıxış ediblər.
Konfransda Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun direktor müavini filologiya elmləri doktoru Həzrətqulu Durdıyev “Məhtimqulu: insanlığın şairi”, şöbə müdiri Çarı Kulıyev “Məhtimqulu yaradıcılığına eşq poeziyasının təsiri”, böyük elmi işçi Dövlətgəldi Seyidov “Məhtimqulu Fəraqi: dövlətli-dövranlı türkmən balası” mövzularında məruzələrlə çıxış ediblər.
Beynəlxalq konfransda, həmçinin “Məhtimqulu Fəraqi və Molla Pənah Vaqif şeirinin özəllikləri”, “Məhtimqulu Fəraqinin poema yaradıcılığı”, “Azərbaycan-Türkmənistan ədəbi əlaqələri Ədəbiyyat İnstitutunun alimlərinin araşdırmalarında” mövzularında məruzələr dinlənilib.