Aprelin 8-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi texnologiyası ilə tanış olmaq üçün mediatur təşkil olunub.
×
Aprelin 8-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi texnologiyası ilə tanış olmaq üçün mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov çıxış edib və buraxılış (qəbul) imtahanları ərəfəsində mövzunun aktuallığını iştirakçıların diqqətinə çatdırıb. O, müxtəlif imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasının həm onlayn, həm də Mərkəzin elektron imtahanlar korpusunda, eləcə də regional bölmələrdə həyata keçirildiyini bildirib. V.Misirov imtahan materiallarının emalı və nəticələrin vaxtında ictimaiyyətə təqdim olunması ilə bağlı Mərkəz tərəfindən fasiləsiz iş aparıldığını qeyd edib.
Sonra tədbirdə sual kitabçalarının avtomatlaşdırılmış çap sistemi və materialların hazırlandığı “qapalı məkan” haqqında videoçarx nümayiş etdirilib.
Ardınca DİM-in Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov yazı işlərinin qiymətləndirilməsi texnologiyası haqqında təqdimatla çıxış edib. O, açıq tipli tapşırıqların əhəmiyyəti, qiymətləndirmə prosesinin mərhələləri, markerlərin seçimi, nəticələrin elanı barədə məlumat verib. A.Qasımov qeyd edib ki, bu il martın 2-də və 9-da keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında markerlər 1,7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə aparıblar. Bir tapşırığın iki marker tərəfindən yoxlanıldığını nəzərə alsaq, 3,5 milyona yaxın qiymətləndirmə həyata keçirildiyi məlum olur.
Yazı işlərinin qiymətləndirilmə prosesinin hər bir tapşırıq üzrə ayrı aparılmasının faydalarından danışan A.Qasımov bununla markerlərin ardıcıl olaraq yalnız həmin tapşırığı işlədiyi üçün sürətli və keyfiyyətli yoxlama apara bildiklərini, istənilən bir şagirdin hər tapşırıq üzrə yazı işinin iki ayrı marker tərəfindən qiymətləndirilməsinin onun hər hansı işarələmə vasitəsilə yazı işini tanıtması cəhdlərini sıfıra saldığını və bu qayda ilə hər şagirdin ümumi işinin azı 20 müxtəlif marker tərəfindən yoxlanılmış olmasını qeyd edib.