×
Aprelin 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bu ali məktəbin 100 illik yubileyi çərçivəsində Təsviri sənət kafedrasının müəllimi Röya Həsənin “İz” adlı fərdi yaradıcılıq sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbiri ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq son zamanlar universitetin Rəssamlıq fakültəsi tərəfindən müxtəlif və maraqlı sərgilərin təşkil edildiyini söyləyib. O bildirib ki, ADMİU-nun magistr məzunu olmuş Röya Həsəni hər zaman original düşüncəsi ilə fərqlənib və sərgidə onun rəngarəng ekspozisiyaları yer alıb. O, əsəsən portret janrına müraciət edərək gözəl əsasrlər yaradıb. Röya Həsəni yaradıcılıqla bərabər, pedaqoji fəaliyyətlə də məşğul olaraq bu sənətin sirlərini tələbələrinə öyrədir.
ADMİU-nun rektorunun müşaviri Validə Məmmədova, universitetin müəllimləri, Əməkdar rəssamlar Rəşad Cabarov və Vüqar Əliyev Röya Həsənin yaradıcılığından söz açıb, onun görkəmli insanların, ictimai və incəsənət xadimlərinin portretlərini məharətlə yaratdığını qeyd ediblər. Bildirilib ki, iri həcmli portret yaratmaq çox böyük bacarıq və məsuliyyət tələb edir və R.Həsəni bunun öhdəsindən məharətlə gəlib. Çıxış edənlər rəssamı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
“Hər bir xalqın mədəni irsi onun sərvətidir. Xalqımızın dünya mədəniyyətinin yaranmasında çox böyük rolu vardır. Müsəlman Şərqində ilk teatr, opera, balet, Elmlər Akademiyası Azərbaycanda yaradılıb. Məhs “İz “adlı sərgimi mədəni irsimizdə, tariximizdə dərin iz goyan gorkəmli korifeylərimizə həsr etmişəm. Mədəni irsimizi bilmək, qorumaq, inkişaf etdirmək və nəsildən-nəsilə ötürmək hər birimizin borcudur. Çünki bu, Vətənimizin, xalqımızın tarixidir, özünəməxsusluğudur. Bu dəyərləri qorumalıyıq ki, gələcək nəsillər baxıb qürur duysunlar. Düşünürəm ki, Vətənə olan bağlılığımı, Azərbaycan xalgına olan sevgimi, dəyərlərimizə olan hörmətimi öz yaradıcılığımda əks etdirə bilmişəm”, - deyə Röya Həsən qeyd edib.
Tədbirdə ADMIU-nun Musiqi sənəti fakültəsi estrada sənəti kafedrasının konsertmeysteri Nicat Aslanov və İnstrumental ifaçilıq kafedrasının maqistr məzunu Ləman Əliyeva musiqi nömrələri təqdim ediblər.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə 25 əsər numayiş olunur. Əsərlər rəssamların, bəstəkarların, rejissorların, aktyorların portretlərini, eyni zamanda, Azərbaycanın təbiətini əks etdirir.