×
Avqustun 13-də Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev Kuala-Lumpurda yerləşən nüfuzlu UCSI Universitetinin professor-müəllim heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə postpandemiya dövrünün təxmin edilən problemlərinin araşdırılması və öyrənilməsi məqsədilə UCSI Universitetinin nəzdində yaradılmış “Post-COVID-19 operativ qərargahı”nın cari tədqiqat layihələri barədə bu təhsil müəssisəsinin ekspertləri geniş təqdimatla çıxış ediblər. Bu istiqamətdə görülən işlər və əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşün əvvəlində universitetin prorektoru, operativ qərargahın rəhbəri, tibb elmləri doktoru, professor Xalid Yusof Azərbaycan səfirini salamlayıb. COVID-19 pandemiyası və onun davam edən fəsadlarının hazırda beynəlxalq gündəliyin ən vacib məsələsi olduğunu qeyd edib. Bütün dünyanı ağuşuna almış bu təhdidə qarşı mübarizədə elmi-tədqiqat müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Bu məqsədlə, cari ilin fevralında UCSI Universiteti nəzdində pandemiyanın cari problemləri ilə yanaşı, gələcəkdə ictimaiyyətin qarşılaşa biləcəyi çağırışları tədqiq edən “Post-COVID-19 operativ qərargahı”nı təsis etdiklərini bildirib.
Professor X.Yusof bu qərargahda universitetin dəqiq elmlər, eləcə də idarəetmə və sosial-humanitar elmlər fakültələrindən ən təcrübəli müəllim və tədqiqatçıların cəmləşdiyini, onlar tərəfindən elmi araşdırmaların və müxtəlif layihələrin həyata keçirildiyini bildirib. Qeyd edib ki, həmin araşdırmaların nəticələri elmi müəssisələrdə və hökumət qurumlarında müzakirəyə təqdim olunub. Nümunə kimi, rəqəmsal texnologiyaların köməyi ilə hazırlanmış və artıq ilk sınaqdan uğurla keçmiş “Hibrid təhsil” adlı tədris metodundan bəhs edib. Bu metod çərçivəsində tələbələrin tədris prosesində fiziki və onlayn iştirakının eyni anda təmin oluna biləcəyini qeyd edib. Bildirib ki, qarşıdan gələn təhsil ilində 20 min tələbədən gündəlik olaraq növbəli şəkildə yalnız 30 faizinin fiziki iştirakının, qalanlarının isə onlayn qaydada dərslərə qoşulmasının nəzərdə tutulduğunu söyləyib.
Öz növbəsində, səfir Q.Allahverdiyev Azərbaycanda koronavirusa qarşı dövlət tərəfindən görülən tədbirlər barədə geniş məlumat verib. Bu istiqamətdə Prezidenti İlham Əliyevin avqustun 6-da videoformatda keçirdiyi müşavirədə səsləndirdiyi faktlara istinad edərək, adambaşına düşən testlərin sayına görə bu gün ölkəmizin dünya miqyasında qabaqcıl yerlərdə qərar tutduğunu bildirib. Həmçinin Azərbaycan səfiri ölkəmizin bu qlobal bəla ilə mübarizədə beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini, bu istiqamətdə fəal iş apardığını, bir çox hallarda donor qismində iştirak etdiyini diqqətə çatdırıb.
Sonra səfir UCSI Universitetinin auditoriyalarının birində “Hibrid tədris” modeli əsasında təşkil olunmuş dərs prosesinə qoşulub və bu modelin xüsusiyyətləri ilə əyani şəkildə tanış olub.
Görüşün sonunda Azərbaycan səfiri universitetin kitabxanasına Azərbaycan tarixini və mədəniyyətini əks etdirən müxtəlif nəşrlər hədiyyə edib.
Qeyd edək ki, beynəlxalq reytinq cədvəllərində dünyanın ən nüfuzlu 400 ali təhsil müəssisəsi sırasında yer alan UCSİ Universiteti, elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərinə görə 2019-cu ildə Malayziyanın özəl universitetləri arasında keçirilmiş müsabiqədə I yeri tutub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kula Lumpur