Son günlərdə klubda sıx qrafikdə çalışırıq. Amma hazırda millinin düşərgəsindəyik və intensiv məşqlər keçdik.
×
Son günlərdə klubda sıx qrafikdə çalışırıq. Amma hazırda millinin düşərgəsindəyik və intensiv məşqlər keçdik. Çox şeyin üzərində işləməliyik. Baş məşqçi qısa zamanda hər şeyin ən yaxşısını etməyə çalışır. Yeniliklər oldu və buna uyğunlaşmağa çalışdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Lüksemburq ilə qarşılaşacaq Azərbaycan millisinin üzvü Maksim Medvedev sentyabrın 4-də keçirilən mətbuat konfransında deyib.
M.Medvedev bildirib ki, heç bir futbolçu məşqlərlə bağlı narazılıq etməyib. Bu, peşəkar futbolçuya yaraşan hərəkət deyil. Mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir. Yeni baş məşqçimiz təcrübəli mütəxəssisdir. Ola bilsin gün ərzində iki və ya üç məşqimiz olsun, amma məşqçilər bunu bərabər hissələrə bölür ki, çox yüklənmə olmasın.
“Lüksemburq futbolu tam fərqlidir. Oyunçularının əksəriyyəti legioner həyatı yaşayır. Hamısı təcrübəli futbolçulardır. Rəqibin bəzi oyunlarını izləmişik və sabahkı oyuna tam hazırıq”, - deyə futbolçu əlavə edib.
Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Lüksemburq matçı saat 20:00-da başlayacaq.