Həyatda xoşbəxt, sevincli və unudulmaz günlər o qədər də çox olmur. Hesab edirəm ki, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il ərəfəsində avtomobilin açarlarının təqdim olunması həyatımın ən əlamətdar və yaddaqalan günlərindən biridir.
×
Həyatda xoşbəxt, sevincli və unudulmaz günlər o qədər də çox olmur. Hesab edirəm ki, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il ərəfəsində avtomobilin açarlarının təqdim olunması həyatımın ən əlamətdar və yaddaqalan günlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təmin edilməsi ilə əlaqədar tədbirdə yeni minik maşının açarlarını alan keçmiş polis işçisi Arif Süleymanov deyib.
O, 2009-cu ildə xidməti vəzifələrini yerinə yetirərkən ayağının birini itirib, ikinci qrup əlilliyi olan şəxsdir. 2016-cı ildən isə şəxsi minik avtomobili almaq üçün növbəyə dayanıb. Arif bu ili nəinki öz həyatında, xalqımızın həyatında uğurlu illərdən biri hesab edir: ”Bu il Qarabağ həsrətimizin sona yetdiyi ildir. İllər boyu belə bir arzunun çin olmasını, torpaqlarımızın erməni hərbi birləşmələrindən təmizlənməsini arzu etmişik. Azərbaycan Milli Ordunun qazandığı möhtəşəm Zəfər qəlbimizi iftixar hissi ilə doldurub, illərdən bəri sinəmizdə göynəyən həsrətimizə su çiləyib. Bu, çox böyük hadisədir, çox böyük qələbədir. Bu gün açarları təqdim olunan avtomobillə hər qarışı uğrunda igidlərimizin qan tökdüyü, qəhrəmanlıq göstərdiyi işğaldan azad edilmiş Qarabağa, onun incisi sayılan Şuşaya getmək istəyirəm. Sağlıq olsun, yeni avtomobilin sükanı arxasında həmin yerləri dolaşmaq ən böyük arzularımdan biridir. Bizə göstərilən bu diqqət və qayğıya görə həm dövlətimizə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minnətdarlığımı bildirirəm” .