Rəsmi matçlardan sonra yoldaşlıq oyununu dekabrda keçirdik. Yəni, komanda səkkiz aydan sonra yenidən toplandı. Ukrayna yığması ilə yoxlama oyununa beş məşqdən sonra çıxmışdıq.
×
Rəsmi matçlardan sonra yoldaşlıq oyununu dekabrda keçirdik. Yəni, komanda səkkiz aydan sonra yenidən toplandı. Ukrayna yığması ilə yoxlama oyununa beş məşqdən sonra çıxmışdıq. Ona görə də həmin matçda boşluqların olması normaldır. Az məşq edəndə səhvlərdən qaçmaq mümkün deyil. Bunları nəzərə alsaq, Ukrayna ilə oyunda səhvlərin olması anlaşılan idi. İndi isə Avropa çempionatına tam heyətlə hazırlaşırıq. Vaxtımız da əvvəlki toplanışla müqayisədə çoxdur. Komanda üçün hər cür şərait yaradılıb. Artıq beş məşq keçmişik, qarşıda isə üç məşqimiz var. Bazar günü Belçikaya yola düşəcəyik. Yekun heyəti də səfər ərəfəsində açıqlayacağıq. Bu ölkənin yığması ilə də yoldaşlıq matçında gücümüzü sınayacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva yanvarın 13-də təşkil olunan brifinqdə deyib.
Braziliyalı baş məşqçi qitə birinciliyinin həlledici mərhələsində birinci oyunun finala bərabər olduğunu vurğulayıb. Bildirib ki, Gürcüstanla görüşdə qazanılacaq qələbə digər oyunlara hazırlaşmaq və növbəti mərhələ baxımından vacibdir. Komandada əhval-ruhiyyə yaxşıdır. Futzalçılar fiziki baxımdan hazırdırlar. Ölkə xaricində çıxış edən futzalçılarımız öz klublarında daim oynayırlar. Millinin yerli çempionatda çıxış edən üzvləri isə yanvarın 5-dən fiziki hazırlıq keçirlər. Ciddi zədəsi olan futzalçımız yoxdur. Düzdü, bir neçə oyunçuda yüngül ağrılar var. Amma bu onlara məşq etməyə və oyuna çıxmağa mane olmayacaq.
“Əlbəttə, daha çox yoldaşlıq oyunu keçirmək istəyirdik. Oktyabr və noyabr aylarında qarşılaşmaq üçün rəqib tapa bilmədik. Danışıq apardığımız komandaların bir neçəsi pandemiya ilə əlaqədar imtina etdi. Elə ölkə oldu ki, Bakıya dəvət etdik, amma gələ bilmədilər. Çalışacağıq ki, final mərhələsində daha yaxşı nəticə qazanaq. Çünki heyətimizdə elə futzalçılar var ki, bu yarış onların karyerasında sonuncu olacaq”, - deyə Joze Alesio Da Silva bildirib.
Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.