İyulun 10-11-də “Yüksəliş” müsabiqəsinin final mərhələsi keçiriləcək. Final mərhələsində müsabiqənin yarımfinalını uğurla başa vuran 112 nəfər iştirak hüququ qazanıb.
×
İyulun 10-11-də “Yüksəliş” müsabiqəsinin final mərhələsi keçiriləcək. Final mərhələsində müsabiqənin yarımfinalını uğurla başa vuran 112 nəfər iştirak hüququ qazanıb.
AZƏRTAC xəbər verir ki, bunu müsabiqənin final mərhələsi ilə bağlı keçirilən mətbuat konfransında idman və gənclər nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib.
F.Hacıyev bildirib ki, müsabiqənin yarımfinal və final mərhələləri “qiymətləndirmə konfransı” (assessment conference) formatında keçirilir. Bu təcrübə ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılıb və böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur. Bu formatın Azərbaycanda ilk dəfə “Yüksəliş” müsabiqəsində tətbiq olunduğunu vurğulayan Fərhad Hacıyev bu imtahan üsulunun ölkəmizdə insan resursları (HR) sahəsinin inkişafına böyük təkan verəcəyinə əminliyini ifadə edib.
Müsabiqənin İşçi Qrupu yarımfinal və final mərhələlərinin hazırlığı məqsədilə iyunun 24-27-də peşəkar ekspert heyətinin iştirakı ilə təlimlər təşkil edib. Ekspertlər qiymətləndirmə sahəsində geniş təcrübəyə malik peşəkar psixoloqlar və Azərbaycanın qabaqcıl dövlət və özəl təşkilatlarının insan resursları üzrə mütəxəssisləridir.
Finalda iştirakçıların 9 səriştəsi (strateji düşünmək, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, innovativliklərin tətbiqi, büdcənin idarə edilməsi bacarıqları və sosial məsuliyyət) ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahəsini əhatə edir.
Qeyd edək ki, final mərhələsinin yekununda 20-yə yaxın namizəd qalib elan olunacaq və qaliblərin hər birinə 20 min AZN məbləğində qrant təqdim ediləcək.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.