×
Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı işğaldan azad olunmuş ərazilərdə könüllülük proqramına gənclərin qəbuluna başlayıb.
AZƏRTAC xəbər verir ki, proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində və eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir. Proqramın ilkin olaraq Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində həyata keçirilməsi və tədricən digər rayonları da əhatə etməsi nəzərdə tutulur.
Proqram çərçivəsində könüllülər Ağdam rayonu ərazisində müxtəlif könüllü fəaliyyətlərinə, o cümlədən mütəmadi olaraq Ağdamda keçiriləcək tədbirlərin təşkilində iştirak, Ağdama səfər edən yerli və xarici qonaqlarla iş, bərpa və yenidənqurma işlərinə dəstək, qayıdışa hazırlıq və məskunlaşmaya dəstək və Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinə müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.
Azərbaycan Könüllülər Hərəkatının sədri Yusif Vəliyev bildirib ki, hazırda Ağdam rayonunda könüllülük proqramına start verilir və bu proqram digər rayonları da əhatə edəcək. Proqram çərçivəsində könüllülər Ağdamda keçiriləcək tədbirlərin təşkilinə cəlb olunacaqlar. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgərlərinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbə ilə ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Şanlı tariximizin ən parlaq səhifələrindən olan bu Zəfər nəticəsində insanlarımız uzun illər həsrətini çəkdikləri doğma ata-baba yurdlarına qayıtmaq imkanı əldə ediblər.
O qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında böyük Zəfərdə gənclərin həlledici rolunu vurğulayıb və Azərbaycan gəncinin Böyük Qayıdış prosesində iştirakının əhəmiyyətini bildirib. Gənclərin öz doğma torpaqlarının bərpasında oynayacaqları rol çox önəmlidir.
Sonra çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin köməkçisi Ümid İsazadə diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan gəncliyinin inkişafı üçün mühüm addımlar atılır. Bərpa işlərinin ən ali məqsədi məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və onların rifahının təmin olunmasıdır.
“Gənclərin yenidənqurma və bərpa işlərində öz bacarıqlarını göstərmələri üçün şərait yaradacağıq. İnanırıq ki, könüllük fəaliyyəti çox uğurlu olacaq. Biz onları iqtisadi və sosial fəaliyyətlərə cəlb edəcəyik”, - deyə o qeyd edib.
Daha sonra Ağdam könüllülərinin formasının dizayn konsepsiyası təqdim edilib.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, proqrama qoşulmaq istəyən 18-29 yaş arası, əslən Ağdam rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq, “agdam.konullu.az” veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçə bilər. Müraciətin son tarixi sentyabrın 17-sidir