×
İyunun 21-də AMEA-da Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi” mövzusunda beynəlxalq elmi torpaq konqresi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ev sahibliyi etdiyi Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə keçirilən konqresin əsas məqsədi torpaqşünaslıq sahəsində son nailiyyətləri öyrənmək və müzakirə etmək, habelə əməkdaşlıq əlaqələrini genişləndirməkdir.
Tədbirdən öncə beynəlxalq konqresin iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək məzarı üzərinə tər gül dəstələri qoyub, ruhu qarşısında baş əyiblər.
Sonra AMEA-nın Əsas binasında təşkil edilmiş sərgi ilə tanışlıq olub.
Beynəlxalq konqres “Heydər Əliyev və Azərbaycanda torpaq islahatı” mövzusunda videoçarxın nümayişi ilə başlanıb.
Tədbiri açan AMEA -nın prezidenti akademik İsa Həbibbəyli beynəlxalq konqresin bəşəriyyəti düşündürən aktual məsələyə həsr olunduğunu söyləyib.
İsa Həbibbəyli Ümummilli Liderin Azərbaycanın kənd təsərrüfatının inkişafındakı xidmətlərindən, torpaqlardan səmərəli istifadə olunması istiqamətində atdığı addımlardan danışıb.
Konqresdə Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının prezidenti, AMEA-nın müşaviri akademik Qərib Məmmədov, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Türkiyənin 19 May Universitetinin əməkdaşı Ridvan Kızılkaya, Pakistanın Kamalia Universitetinin rektoru professor Sacid Rəşid Əhməd, Belarusun Brest Dövlət Universitetinin əməkdaşı Yuri Mojayiski iştirak ediblər.
Tədbirdə çıxış edənlər konqresin torpaqdan istifadə edilməsi, onun idarə olunması, bu sahədə ən son texnoloji inkişaf, torpaqşünaslığa multidisiplinar yanaşma kimi məsələlər baxımından əhəmiyyətini qeyd ediblər.
Beynəlxalq konqres öz işini plenar iclaslarla davam etdirib.
Qeyd edək ki, Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyası 2012-ci ildə Azərbaycan, Türkiyə, Rusiya və Qazaxıstanın torpaqşünas alimlərinin təşəbbüsü ilə yaradılıb. 2016-cı ildən Rumıniya, Qırğızıstan, Bosniya-Herseqovina və Serbiyanın Torpaqşünaslıq Cəmiyyətləri də bu təşkilata qoşulub. Hər üç ildən bir federasiyanın rəhbərliyi əməkdaşı olan ölkələrdən birinə həvalə edilir. Federasiyanın əsas məqsədi torpaqların dinamik hissəsi haqqında məlumatları bölüşmək, torpaq münbitliyinin formalaşması, torpaq ehtiyatları və onların səmərəli istifadəsi, aqroekoloji və ekoloji qiymətləndirilməsi, çirklənmə, eroziya və s. mövzularda torpaqşünas alimlər arasında körpü yaratmaq və problemlərin həlli yollarının müəyyənləşdirilməsini təmin etməkdir.