İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin əsas istiqamətlərindən biri kənd təsərrüfatının bərpası və mövcud aqrar potensialdan istifadə etməkdir.
×
İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin əsas istiqamətlərindən biri kənd təsərrüfatının bərpası və mövcud aqrar potensialdan istifadə etməkdir. Azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün böyük potensial mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 3-də Bakıda “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda keçirilən tədbirdə çıxışında söyləyib.
Nazir bildirib ki, azad olunmuş ərazilərdə əkinçilik və heyvandarlıqla yanaşı, meyvəçilik və tərəvəzçilik üçün də geniş potensial var. Həmçinin intensiv meyvəçilik sahələrinin inkişafı üçün də perspektivlər mövcuddur. Ağdam, Füzuli, Cəbrayıl rayonlarında pambıqçılığın, Ağdam və Füzuli rayonlarında tərəvəzçiliyin, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında milli üzüm sortları əsasında üzümçülük-şərabçılıq sahələrinin inkişafı baxımından əlverişli imkanlar var. Kəlbəcər və Laçın rayonlarının zəngin otlaq və yaylaqları heyvandarlığın və arıçılığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Həmçinin bu bölgədə heyvandarlıq sahəsinin intensiv və yarımintensiv ferma modeli əsasında da inkişafı təmin olunacaq.
"Kənd ərazisində iqlim əsaslı “ağıllı kənd təsərrüfatı” modeli tətbiq olunur ki, bu model özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetməni və nəzarəti ehtiva edir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir", - deyə nazir vurğulayıb.