×
Mayın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilən eyniadlı əsəri nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşa görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 110 illiyinə həsr edilib.
Tamaşanın nümayişindən əvvəl çıxış edən Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə görkəmli ədibin həyatı və zəngin yaradıcılığı, ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb. O, İlyas Əfəndiyevin ötən əsrin 60-cı illərindən etibarən Azərbaycan dramaturgiyasında, teatrında yeni bir mərhələnin başlanğıcını qoyduğunu bildirib.
M.Əlizadə qeyd edib ki, görkəmli ədibin 20 pyesindən 19-u Milli Dram Teatrında tamaşaya qoyulub, həmin dövrdə mövcud olmuş mənəvi problemlər onun dramaturgiyasında öz əksini tapıb.
Xalq artistləri Mərahim Fərzəlibəyov, Bəsti Cəfərova və Firəngiz Mütəllimova İlyas Əfəndiyevlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi tanınan İlyas Əfəndiyev teatrımıza çox böyük töhfələr verib. Görkəmli ədib Azərbaycan səhnəsində lirik-psixoloji dramın əsasını qoyub. Eyni zamanda, qeyd olunub ki, İlyas Əfəndiyev öz əsərlərində hər zaman tamaşaçıya milli kimliyi aşılayırdı. Onun əsərləri hələ neçə-neçə nəsillər üçün işıq olacaq.
Sonra "Xurşidbanu Natəvan" tamaşası nümayiş olunub.
Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Səhnə əsərində Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qapanıb qalmır. İranın şahlıq quruluşunun əsarətində Cənubi Azərbaycan əhalisinin taleyi də onu həmişə düşündürür. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır.
Xurşidbanu Natəvanın həm də incə insani duyğuları məharətlə tərənnüm etmək bacarığına malik istedadlı bir şairə olduğu da tamaşada diqqət mərkəzindədir.
Səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi və işıq rəssamı Rafeal Həsənovdur.
Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli, Kazım Həsənquliyev, Elnar Qarayev, Əlvida Cəfərov, Ayşad Məmmədov, Elşən Rüstəmov və digər aktyorlar iştirak ediblər.
"Xurşidbanu Natəvan" pyesi tarixi mövzuda yazılsa da, müasir dövrümüzlə vəhdət təşkil edən qiymətli bir əsərdir. Məhz buna görədir ki, pyes oxucu və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır, yüksək qiymətləndirilir.