“Tokio-2020” Azərbaycan paralimpiyaçıları üçün sayca yeddinci Paralimpiada olacaq. Daha əvvəl keçirilmiş 6 Paralimpiya Oyunlarında 83 idmançımız 38 medal qazanıb.
×
“Tokio-2020” Azərbaycan paralimpiyaçıları üçün sayca yeddinci Paralimpiada olacaq. Daha əvvəl keçirilmiş 6 Paralimpiya Oyunlarında 83 idmançımız 38 medal qazanıb. Yeddi Paralimpiya çempionumuz var, onlardan 2-si bu ada iki dəfə sahib olub. Ən uğurlu iştirakımız isə “London-2012” Yay Paralimpiya Oyunlarında olub. Həmin Paralimpiadaya 21 idmançı ilə qatılan komandamız 4 qızıl, 5 gümüş və 3 bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov avqustun 6-da təşkil olunan mətbuat konfransında deyib.
AMPK rəsmisi bildirib ki, komanda üzvlərinin hazırlıq səviyyəsinin daha da artırılması məqsədilə Oyunlarda iştirak edəcək idmançılar hazırda yerli və beynəlxalq təlim-məşq toplanışlarında məşqlərini davam etdirirlər. Baş məşqçilərin son məruzəsinə əsasən, əminliklə demək olar ki, idmançılarımız Tokioya tam hazır, yüksək əhval-ruhiyyədə yola düşəcəklər. Bu il Azərbaycan Paralimpiya Oyunlarına ölkəmizin 10-a yaxın şəhər və rayonundan 24-ü kişi və 12-si qadın olmaqla 36 idmançı (7 nəfər əlil arabası istifadəçisi) ilə qatılacaq. Bu, Azərbaycanın Paralimpiya tarixində rekord göstəricidir.
“Uşaq Paralimpiya hərəkatının üzvləri də Tokioda ölkəmizi təmsil edəcəklər. Yetirmələrimiz Dana Şandıbina və Vəli İsrafilov üzgüçülük yarışlarında ölkəmizin idman şərəfini qoruyacaqlar. Ən gənc idmançımızın - Dana Şandıbinanın 17 yaşı var. Ən yaşlı paralimpiyaçımızın - Yelena Taranovanın isə 59 yaşı var. O, altıncı dəfə Paralimpiya Oyunlarında iştirak edəcək.
“Tokio-2020” XVI Yay Paralimpiya Oyunları avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.