Əlillik təyin olunan şəxslərə bundan sonra proaktiv qaydada olmaqla e-sistem üzərindən müvafiq sosial ödənişlər təyin edilir.
×
Əlillik təyin olunan şəxslərə bundan sonra proaktiv qaydada olmaqla e-sistem üzərindən müvafiq sosial ödənişlər təyin edilir. Həmin sosial ödənişlər mütəmadi artırılır, xüsusilə son üç ildə həmin ödənişlərdə orta hesabla iki dəfə artım baş verib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı sahəsində aparılan işlərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun verdiyi məlumata görə, şəhid ailələri ilə bərabər, müharibə əlillərinin də mənzil və fərdi evlə təminatı həyata keçirilir. İndiyədək həmin kateqoriyadan olanlara 11 mindən çox mənzil və fərdi ev verilib. Dövlət başçısının 2021-ci il yanvarın 25-də imzaladığı Sərəncamla 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 3 min mənzil və fərdi evin (2018-ci ilə nisbətən 5 dəfə çox) 2021-ci ildə verilməsi işləri aparılır və indiyədək 1850 mənzil verilib. Şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, Vətən Müharibəsi qəhrəmanlarına, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələri məzunlarına da mənzillər təqdim edilir. Həmin kateqoriyadan olanlara verilən mənzilləri də nəzərə alsaq, bu il nazirlik tərəfindən təqdim olunan mənzillərin sayı 2200-ə çatır.
Həmçinin 2021-ci ilin 10 ayı ərzində agentlik tərəfindən 7 min 615 nəfər əlilliyi olan şəxsə 38 min 670 protez-ortopedik və digər reabilitasiya vasitələri, o cümlədən mühərrikli təkərli 908 oturacaq verilib. Son iki ildə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib. Həmin reabilitasiya müəssisələrində bu ilin 10 ayında əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 6 min 450 nəfərə reabilitasiya xidmətləri, həmçinin Vətən müharibəsinin 1040 nəfər qazisinə sosial-psixoloji dəstək xidmətləri göstərilib. Müharibə əlillərinin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri aparılır və Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 160 hərbçi 168 son nəsil protezlə təmin edilib.