Noyabrın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun müəllif layihəsi əsasında “Akademik, xalq və caz musiqisi” İkinci Respublika müsabiqəsinin təntənəli bağlanışı – qaliblərinin mükafatlandırılması və laureatların konserti olub.
×

AZƏRTAC xəbər verir ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və BMA-nın məktəb-studiyasının təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli Tərlan Seyidovla bağlı xatirələrini bölüşüb, onun çox parlaq istedada malik bir şəxsiyyət olduğunu qeyd edib.
Fərhad Bədəlbəyli müsabiqənin qaliblərini təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra 2 həftədən çox davam edən müsabiqənin laureat, diplomant və həvəsləndirici diploma layiq görülmüş iştirakçıları təltif olunub.
Müsabiqə iki mərhələdən ibarət olmaqla həyata keçirilib. Noyabr ayının 13-dən 18-dək davam etmiş birinci turun seçimləri, iştirakçıların müsabiqənin qaydalarına uyğun olaraq hazırladıqları ifaların videoyazısı əsasında baş tutub. Videoyazılar yutub sosial platformasına yerləşdirilib və linklər münsiflər heyətinə təqdim olunub.
“Akademik, xalq və caz musiqisi” müsabiqəsinin keçirilməsi öz aktuallığını saxlamaqla yanaşı, janrlararası əlaqələrin inkişafına və təkmilləşdirilməsinə öz töhfəsini verir.