Qəhrəman kəşfiyyatçı Rəşad Quliyev hərbçi həyatının bütün məqamlarında qarşı tərəfdə vahimə yaşatması ilə seçilib.
×
Qəhrəman kəşfiyyatçı Rəşad Quliyev hərbçi həyatının bütün məqamlarında qarşı tərəfdə vahimə yaşatması ilə seçilib. Vətən müharibəsinin ilk günündən döyüş meydanına atılan tabor komandiri Rəşad Quliyev tabeliyində olan igid döyüşçülərlə birlikdə Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində əsl qəhrəmanlıq, şəxsi rəşadət və şücaət nümunələri göstərib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 7-də şəhid polkovnik-leytenant Rəşad Rəşid oğlu Quliyevin vəfatının ildönümü ilə bağlı İkinci Fəxri xiyabanda keçirilən anım mərasimində səsləndirilib.
Tədbirdə Xətai və Yasamal Rayon İcra hakimiyyətlərinin rəsmiləri, YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və ailə üzvləri, hərbi qulluqçular, Vətən müharibəsi iştirakçıları, qazilər iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə şəhidin döyüş yolu barədə məlumat verilib. Eyni zamanda, sentyabrın 27-dən Vətən müharibəsi şəhidlərinin Anım Gününün keçirildiyi, həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə təşkil edilən yürüş xatırlanıb.
Qeyd edək ki, Rəşad Quliyev 2020-ci il oktyabrın 7-də Cəbrayıl şəhəri uğrunda döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamlarına əsasən o, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.