Şəhid ailələrinin, müharibə əlillərinin, veteranların həm maddi rifahının yaxşılaşdırılması, həm də onların sosial problemlərinin həll olunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
×
Şəhid ailələrinin, müharibə əlillərinin, veteranların həm maddi rifahının yaxşılaşdırılması, həm də onların sosial problemlərinin həll olunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Həm Birinci Qarabağ müharibəsi, həm Vətən Müharibəsində iştirak edən, şəhid olan hərbi qulluqçuların ailələrinin sosial qayğılarının həll edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Bu istiqamətdə iş aparılır. Onların həm müvafiq sosial təminatlarla, ödənişlərlə təmin olunması üçün hazırlıq işləri gedir. Artıq mülki şəhidlərimizlə bağlı sosial ödənişlərin təyinatı həyata keçirilib. Bu ay ərzində onların ödənişləri təmin ediləcək. 83 mülki şəhidin ailəsinə sosial ödəniş təyinatı yekunlaşıb. Onlardan 151 nəfərə sosial müavinət təyin olunub, 196 nəfərə təqaüd, 140 nəfərə pensiya təyinatı həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
O, həmçinin bildirib: “Şəhid hərbi qulluqçularımızın ailələrinin sosial təminat hüquqlarının həyata keçirilməsi ilə bağlı hazırda Dövlət Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq işçi qrupları yaradılıb. Onlar ödənişlərin təyinatlarının həyata keçirilməsi, sənədləşmənin hazırlanması məqsədilə müvafiq işlər aparırlar. Fond olaraq qarşımızda duran əsas hədəflərdən biri qısa müddət ərzində həmin sosial ödənişlərin təyin edilərək ödənişə göndərilməsidir. Sənədləşmənin mərkəzləşmiş qaydada həyata keçirilməsi ilə bağlı təkliflər hazırlanıb. Məqsədimiz şəhid ailələrinə əziyyət vermədən sənədləşmənin mərkəzi qaydada həyata keçirilməsidir. Bununla əlaqədar Dövlət Sosial Müdafiə Fondu və onun yerli bölmələri tərəfindən şəhid ailələrinə mütəmadi dəstək göstərilir. Müvafiq sənədlərin hazırlanması Fond tərəfindən həyata keçirilir və qısa müddət ərzində həmin sənədlər hazırlanaraq təyinata göndərilir”.