×
Ermənistanın baş naziri Nikol Paşinyan yenə də Ermənistan-Azərbaycan münaqişəsi və Tovuz hadisələrinin mahiyyətini təhrif edən açıqlama ilə çıxış edib. Birincisi, o qeyd edir ki, Tovuz hadisələri Ermənistan-Azərbaycan münaqişəsinin hərbi həllinin olmadığını göstərdi. Əgər Ermənistan tərəfi münaqişənin hərbi həlli yolunun olmadığını iddia edirsə və belə bir istəyi varsa, ona görə, ilk növbədə, hərbi işğal rejiminə son qoyulmalıdır. Ermənistan qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır ki, bu tələb də BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Ermənistan təcavüzkar dövlətdir və bu, 1974-cü ildə BMT Baş Assambleyasında təcavüz aktının qiymətləndirilməsi ilə bağlı sənədlərdə və BMT Nizamnaməsində təsbit olunub. Ona görə də Ermənistan tərəfi münaqişənin hərbi həllinin olmadığını iddia edirsə, ilk növbədə, hərbi işğal faktına son qoymalıdır.
Nikol Paşinyan başda olmaqla Ermənistan rəhbərliyinin Tovuz hadisələrini özləri üçün “qələbə” kimi təqdim etməyə çalışdığını bildirən Hikmət Hacıyev deyib: “Birincisi, Tovuz hadisələri açıq şəkildə göstərdi ki, bu, Ermənistanın Azərbaycana qarşı növbəti təcavüz aktıdır. Bu, əvvəlcədən planlaşdırılmış hərbi əməliyyat idi. Buna baxmayaraq, Ermənistan heç bir məqsədinə nail ola bilmədi. Bir daha da qeyd etmək istərdik ki, Azərbaycanın Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca hər hansı hərbi məqsədi yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin məqsədi ölkəmizin sərhədlərinin toxunulmazlığını və sərhədə yaxın yaşayan mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etməkdir. Bu xüsusda Azərbaycan Silahlı Qüvvələri Ermənistanın bu təxribatının qarşısını rəşadətlə aldı və erməni silahlı qüvvələri geri oturduldu. Onlar bu gün də öz itkilərini erməni xalqından gizlətməkdə davam edirlər. Nikol Paşinyan bu hərbi avantürizmə görə erməni xalqı qarşısında cavab verməlidir. Bu təxribata görə Ermənistanın siyasi-hərbi rəhbərliyi bilavasitə məsuliyyət daşıyır”.
Nikol Paşinyanın, eyni zamanda, guya bu hərbi əməliyyatlar nəticəsində Ermənistan müdafiə sənayesinin istehsal etdiyi hərbi təyinatlı məhsulların öz keyfiyyətini göstərdiyini iddia etdiyini deyən Prezidentin köməkçisi vurğulayıb ki, Ermənistanda nələrin istehsal olunduğu hər kəsin gözü qarşısındadır. Ermənistanın sənaye və iqtisadiyyatı olmadığı kimi, müdafiə sənayesi də yoxdur. Bu da Ermənistan rəhbərliyinin öz xalqını aldatmaq və Tovuz avantürasına görə öz xalqı qarşısında bəraət qazanmaq cəhdindən başqa bir şey deyil.
“Bir daha qeyd etmək istərdik ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini geri oturtdu, ölkəmizin sərhədlərinin təhlükəsizliyini, müdafiəsini təmin etdi və Azərbaycanın hər hansı bir ərazisinin işğal altına düşməsinin qarşısını qətiyyətlə aldı. Ermənistanın bu təxribatı törətməkdə məqsədlərindən biri diqqəti ölkənin daxilindəki kəskin sosial-iqtisadi, siyasi problemlərdən yayındırmaq idi”, - deyə Hikmət Hacıyev qeyd edib.