Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində koronavirusa yoluxma ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi yoluxma var və işğalçı Ermənistan bu məlumatları tam şəkildə gizlədir.
×
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində koronavirusa yoluxma ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi yoluxma var və işğalçı Ermənistan bu məlumatları tam şəkildə gizlədir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində söyləyib.
“İşğal olunmuş ərazilərdə yaşayan sakinlər Azərbaycan vətəndaşlarıdır və onlar arasında yoluxmalar da Azərbaycanın statistikasında göstərilməlidir”, - deyən Prezidentin köməkçisi qeyd edib ki, işğal faktına görə oradakı sakinlər və yoluxmalar barədə məlumat əldə edə bilmirik və bu, Azərbaycan statistikasında əksini tapmır. “Biz Ümumdünya Səhiyyə Təşkilatına da müraciət etmişik ki, işğal olunmuş ərazilərdə qondarma rejim yoluxma hallarını beynəlxalq statistikaya daxil etməyə cəhd etsə, bunun qarşısı alınmalıdır. Oradakı yoluxmaların statistikası Azərbaycan ərazilərindəki kimi göstərilməlidir. Orada vəziyyətlə bağlı məsuliyyət işğalçı Ermənistan rəhbərliyinin üzərinə düşür. Bildiyiniz kimi, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan işğal olunmuş ərazilərdə qondarma “andiçmə” mərasimində iştirak edib. Həmin mərasimdə heç kim tibbi maskadan istifadə etməyib ki, bu da işğal olunmuş ərazilərdə yoluxmaların artmasına səbəb olub.
Həmçinin işğalçı ordu arasında da kütləvi yoluxmalar var və bu da epidemiyanın geniş yayılmasına şərait yaradır”, - deyə Hikmət Hacıyev vurğulayıb.