Suverenliyimizin, müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizdə sabitliyin bərpası, xalqımızın xoşbəxt gələcəyinin əsasının qoyulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
×
Suverenliyimizin, müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizdə sabitliyin bərpası, xalqımızın xoşbəxt gələcəyinin əsasının qoyulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ikinci dəfə hakimiyyətə gəlişi xalqımızın, Vətənimizin ən ağır günlərinə təsadüf etdi. O, öz uzaqgörən siyasəti ilə Azərbaycan xalqını bataqlıqdan xilas etdi, bütün sahələrdə inkişafın təməlini qoydu. Çox təəssüf ki, təxminən 30 il bundan əvvəl ölkəmizdə hökm sürən siyasi hərc-mərclik, özbaşınalıq əzəli və əbədi torpaqlarımızın itirilməsi ilə nəticələndi. O dövrdə vahid ordu olmadığından, Vətənin müdafiəsinə qalxan qəhrəmanlar silahla yetərincə təchiz edilmədiyindən əzəli və əbədi torpaqlarımızın bir qismini itirdik. Həmin zamanlarda çətin şəraitə baxmayaraq, sinəsini düşmən gülləsinə sipər edən igidlər şəhid və qazi oldular. Ömrünü xalqımızın rifahı, ölkəmizin tərəqqisinə həsr edən Ümummilli Lider torpaqlarımızın azad edilməsi üçün də əlindən gələni əsirgəmirdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Azərbaycan Ordusuna yeni, sağlam nəfəs gəldi. Prezident İlham Əliyev dahi şəxsiyyətin siyasi kursunu davam etdirdi, ordu quruculuğu ilə bağlı mühüm işlər görüldü, hərbi qulluqçuların peşəkarlığı artırıldı. Nə qədər sülh, qan tökülməməsi üçün çalışsaq da, xislətində vəhşilik olan bir xalq bununla razılaşmadı. Uydurduqları məğlubedilməzlik mifinə arxalanaraq müharibə yolunu seçdilər, hətta bunun üçün dəfələrlə təhrik edildik. Nəhayət ki, səbrimiz tükəndi və işğalçılara öz gücümüzü göstərdik.
AZƏRTAC xəbər verir ki, bunu Vətən müharibəsi qazisi Amin Musayev deyib.
Qazinin sözlərinə görə, düşmənin cənnət guşələrimizdə at oynatması xalqın hər bir vətənpərvər nümayəndəsinin heysiyyətinə toxunurdu: "Qarabağı görməyən gənclər idik, amma biz düşmən vəhşiliyini tarix kitablarında oxuya-oxuya, mənfurların təxribatlarına şahid ola-ola böyümüşdük. Hər birimiz o anı səbirsizliklə gözləyirdik. Ötən il Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz 44 gün ərzində 30 ilin heyfini artıqlaması ilə çıxdı. Alnımızdakı ləkə təmizləndi, xalqımızın uzun illərdir davam edən həsrətinə son qoyuldu, şəhidlərimizə olan vəfa borcunu ödədik. Şükür Allaha ki, elə fürsət əlimizə düşdü və biz həm torpaqlarımızı azad etdik, həm də şəhidlərimizin qisasını aldıq. Çox sevinirəm ki, mən də bu Zəfərin bir parçası oldum.
Bu gün də möhtəşəm Qələbənin toxumlarını səpən dahi liderimizi ziyarət etməyi özümüzə borc bilirik. Qalib Azərbaycan xalqı dahi şəxsiyyətin məzarını alnıaçıq ziyarət edir. Əminəm ki, ulu öndər Heydər Əliyevin ruhu şaddır".