×
Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində “ART Weekend” festivalının rəsmi açılışı olub. Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə paytaxtımızda başlayan “ART Weekend” bir sıra ölkələrdən incəsənət və mədəniyyət xadimləri, kuratorları bir araya gətirib.
AZƏRTAC xəbər verir ki, rəsmi açılışda “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Milli Məclisin sədri Sahibə Qafarova, mədəniyyət naziri Adil Kərimli və digər qonaqlar iştirak ediblər.
Festival günlərində paytaxtın müxtəlif sərgi salonları, muzeylər, təhsil ocaqları və ayrı-ayrı tarixi-mədəni məkanlarında sərgi, görüş, performanslar təşkil olunur. Festivalın Heydər Əliyev Mərkəzindəki açılış tədbirində isə “Mənim dənizlərim, mənim okeanlarım” (“My Seas, My Oceans”) sərgisinin və məşhur kolumbiyalı rəssam-heykəltaraş Fernando Boteronun əsərlərindən ibarət “Bədii formanın təntənəsi” (“The Triumph of Form”) sərgisinin təqdimatı keçirilib.
Açılış tədbirində qonaqlar “DanceAbility Azərbaycan” tərəfindən hazırlanan rəqsi də izləyiblər. “DanceAbility Azərbaycan” İnklüziv Performans Şirkətinin hədəfi ustad dərsləri, müəllim təlim proqramları, əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişləri vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verməkdən ibarətdir.
İncəsənət festivalının açılışında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, bu günlərdə Azərbaycanda, xüsusilə də Bakı şəhərində çox mötəbər tədbirlər keçirilir. Məhz Leyla Əliyevanın təşəbbüsü ilə ilk dəfədir ki, böyük “Art Weekend" Bakıda keçirilir. A.Ələkbərov qeyd edib ki, festival çərçivəsində paytaxtda 40-a yaxın incəsənət tədbirinin keçirilməsi nəzərdə tutulur: “Çox sevindirici haldır ki, incəsənətsevərlər bu gün burada bir araya gəliblər. Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn qonaqları salamlayıram. Fürsətdən istifadə edərək, Bakı sakinlərini, qonaqlarımızı bu gözəl tədbirləri izləməyə dəvət edirik. Hazırda Heydər Əliyev Mərkəzində ənənəvi sərgilər, konsertlər və konfranslar keçirilir. Bu gün isə məşhur kolumbiyalı rəssam-heykəltaraş Fernando Boteronun əsərləri burada nümayiş etdirilir”.
“Bədii formanın təntənəsi” sərgisinin kuratoru, Fernando Boteronun qızı Lina Botero çıxışında atasının yaradıcılığının mahiyyətinin, rəssamlıq və heykəltaraşlığın paralel inkişafı ilə bağlı olduğunu deyib: “Atam bir tərəfdən rəngkarlıqla məşğul olur, digər tərəfdən barmaqlarının gücü ilə formalar yaradaraq heykəllər ərsəyə gətirirdi. Bu gün onun monumental heykəlləri dünyanın bir çox böyük şəhərində sərgilənir. Əsərləri ən məşhur məkanlarda – Parisdəki “Champs-Élysées” prospektində, Nyu-Yorkdakı “Park Avenue”da nümayiş etdirilib. Ötən il, 2024-cü ildə isə Roma şəhərinin tarixi mərkəzində onun növbəti heykəltaraşlıq sərgisi açılıb”.
Lina Botero vurğulayıb ki, bu sərgilərdə təqdim olunan əsərlər Fernando Boteronun özünəməxsus, sadə, lakin dərin mənalı yaradıcılıq üslubunu əks etdirir.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirib ki, Azərbaycan rəssamlarının hər zaman Latın Amerikası sənətinə böyük marağı olub: “Həm onun təsviri sənətinə, həm ədəbiyyatına, həm də musiqisinə dərin maraq göstərilib. Bir çox rəssamımız Latın Amerikası sənətkarlarının yaradıcılığından ilham alıblar”, - deyə Fərhad Xəlilov diqqətə çatdırıb.
Sonra Fernando Boteronun əsərlərindən ibarət “Bədii formanın təntənəsi” sərgisi ilə tanışlıq olub.
Kolumbiyalı rəssam-heykəltaraş, insanları və heyvanları, eləcə də müxtəlif fiqurları nəhəng ölçüdə təqdim etməklə “Boterismo” üslubunu yaratmış Fernando Boteronun Heydər Əliyev Mərkəzində nümayiş olunan “Bədii formanın təntənəsi” adlı fərdi sərgisində rəssamın 100-dən çox məşhur əsəri təqdim edilir.
Sərgidəki əsərlər kolumbiyalı rəssamın 70 il ərzində yaratdığı sənət nümunələridir. Müəllifin işləri parlaqlığı, həyat doluluğu ilə seçilir. Ümumilikdə Botero 3000-dən çox rəsm əsəri, 200-dən çox heykəltaraşlıq nümunəsi yaradıb.
Fernando Botero dünyada geniş auditoriyanın diqqətini özünə çəkə bilib.