Oktyabrın 15-də Azərbaycan Hərb Tarixi Muzeyində dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə “Daimi, əbədi və dönməz müstəqilliyimiz” mövzusunda tədbir keçirilib.
×
Oktyabrın 15-də Azərbaycan Hərb Tarixi Muzeyində dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə “Daimi, əbədi və dönməz müstəqilliyimiz” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib daha sonra Dövlət Himni səsləndirilib.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “18 oktyabr Azərbaycanın dövlət müstəqilliyi günüdür” mövzusunda məruzəsində xalqımızın həmişə müstəqillik arzusu ilə yaşadığını vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin ilk dövrlərindən başlayaraq, həmişə Azərbaycana dövlət müstəqilliyinin bərpasına inanıb və bu istiqamətdə uzaqgörənliklə mühüm tədbirlər görüb. Əgər dahi şəxsiyyət ötən əsrin 70-ci illərində indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratmasaydı, dövlət müstəqilliyimizin qarantı olan bugünkü qüdrətli Silahlı Qüvvələrimiz haqqında danışmaq mümkün olmazdı. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində atılan ən böyük addım 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə ilk Konstitusiyamızın qəbul edilməsi oldu.
Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirərək beynəlxalq təzyiqin olmaması səbəbindən cəzasız qalıb. Bütün bunlara baxmayaraq, Azərbaycan sülh təşəbbüsləri iflasa uğrayacağı təqdirdə, münaqişənin hərbi yolla həllinin mümkünlüyünü heç vaxt istisna etməyib. Prezident İlham Əliyev 44 günlük müharibə zamanı xarici jurnalistlərə verdiyi çoxsaylı müsahibələrində deyib: “Dünya ictimaiyyətinin Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün Ermənistana təzyiq göstərə bilməməsi, 30 ilə yaxın davam edən münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliləyişin olmaması və Ermənistanın getdikcə artan militarist mövqeyi müharibəni qaçılmaz edib”.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.
Tədbirdə Dövlət Müstəqilliyi Gününə həsr olunan sənədli film nümayiş etdirilib.
Mərasimdə Təlim və Tədris Mərkəzinin nəzdində fəaliyyət göstərən ansamblın solistləri hərbi vətənpərvərlik mahnıları səsləndiriblər.