Sentyabrın 9-da Azərbaycan Hərb Tarixi Muzeyində “Belarusun azad olunmasında Azərbaycan oğullarının rolu” adlı tədbir keçirilib.
×
Sentyabrın 9-da Azərbaycan Hərb Tarixi Muzeyində “Belarusun azad olunmasında Azərbaycan oğullarının rolu” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Muzeyin kollektivi, Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri və Belarusdan olan qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Belarusun Dövlət himnləri səsləndirilib. Daha sonra xalqımızın ümummilli lider Heydər Əliyevin, İkinci Dünya müharibəsində həlak olan oğul və qızlarımızın, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbirdə çıxış edərək xalqımızın faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verdiyini bildirib. O, bu şanlı zəfərin qazanılmasında mühüm xidmətləri olan xalqımızın 700 minədək oğul və qızını cəbhəyə yola saldığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif olunub.
Belarusdakı partizan hərəkatında iştirak edən azərbaycanlılar barədə danışan Ə.Qənizadə diqqətə çatdırıb ki, həmyerlilərimiz Ələkbər Əliyev və Məmməd Məmmədov partizan hərəkatında xüsusi qəhrəmanlıqlar göstəriblər. Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin adına Minskdə küçə var.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramovun və Belarusdan gələn qonaqlar şanlı Qələbəyə Bakı neftinin töhfəsinin əvəzsiz olduğunu söyləyib, veteranlara göstərilən dövlət qayğısından danışıblar. Veteranlarımızın ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal iştirakı təqdiredici hal kimi yüksək qiymətləndirilib.
Sonda “Azərbaycan oğulları Brestdə” adlı sənədli film nümayiş olunub.