×
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilir. Ən yüksək keyfiyyətlər - səmimilik, alicənablıq, qayğıkeşlik, birinci növbədə özünə, daha sonra ətrafdakılara qarşı tələbkarlıq, sözü ilə işinin birliyi, xalqına və Vətəninə sönməz məhəbbət Zərifə xanım Əliyevaya xas cəhətlər idi. Zərifə xanım istedadlı və gözəl bir ailədə-görkəmli dövlət xadimi, Azərbaycanın böyük səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində anadan olub. Bu böyük insanın əksər xüsusiyyətləri qızı Zərifə xanıma da xas idi.
Zərifə xanım Əliyevanın şərəfli ömrünün bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olub. Belə ki, o həmin institutun oftalmologiya kafedrasının müdiri vəzifəsində çalışıb. Həkimlik, elmi və pedaqoji fəaliyyəti ilə institutun adını yüksəldib.
AZƏRTAC-ın verdiyi məlumata görə, konfransda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov qeyd edib ki, Zərifə Əziz qızı Əliyeva 1947-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirdikdən sonra Moskva şəhərində Helmhols adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçib, öz əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda ordinator vəzifəsindən başlayıb: “Keçən əsrin 40-50-ci illərində Azərbaycanın bir çox cənub rayonlarının əhalisi arasında traxoma xəstəliyi geniş yayılmışdı. Zərifə Əliyeva traxomaya qarşı aparılan bütün işlərdə fəal iştirak edib. Zəngin materialın ümumiləşdirilməsi və təhlili 1959-cu ildə Z.Əliyevanın “Traxomanın sintomisin ilə və ona uyğunlaşdırılmış digər terapevtik üsullarla müalicəsi” namizədlik dissertasiyasının müdafiəsi ilə nəticələnib.
Z.Əliyeva 1960-cı illərdə dünya təcrübəsində birincilər sırasında görmə üzvünün peşə xəstəlikləri problemi üzrə geniş elmi axtarışlara başlamışdır. O vaxtlar sənaye zərərlərinin görmə orqanına toksik təsirinin öyrənilməsinə bir sıra elmi əsərlər həsr edilsə də, kimya istehsalının müxtəlif inqrediyentlərinin görmə orqanlarına təsiri az işıqlandırılır, kimya istehsalının bəzi yeni sahələri ilə əlaqədar olan peşə xəstəlikləri xüsusilə az öyrənilirdi. Kimyəvi maddələrin uzunmüddətli kompleks təsiri nəticəsində orqanlarda distrofik, proliferativ proseslər əmələ gəlir. Bir çox inkişaf etmiş ölkələrdə şin və yod istehsalı yüksək səviyyədə olsa da, bu sahələrdə istehsal tullantılarının görmə orqanına toksik təsirinin öyrənilməsinə aid müfəssəl işlər yox idi. Zərifə xanım Əliyevanın elmi tədqiqatlarının əsas istiqamətlərindən biri də məhz yod və şin sənayesinin zərərli təsirlərindən gözün zədələnməsinin öyrənilməsi olmuşdur. Dünya ədəbiyyatında bu fundamental tədqiqatın analoqu yoxdur. Bu problem üzrə Z.Əliyevanın elmi tədqiqatlarının nəticələri haqda dərc olunmuş 30-dan çox elmi işdə tetraxloretilen, pestisid, stirol buxarlarının orqanizmə xroniki təsiri zamanı görmə üzvünün və onun funksiyalarının vəziyyəti əks etdirilir. Məhz bu dövrdən başlayaraq Zərifə xanımın elmi axtarışlarının əsas mövzusu Azərbaycanın kimya sənayesinin bəzi sahələrində çalışan fəhlələrin görmə orqanının vəziyyətini tədqiq etmək olub. Bu tədqiqatlar zərərlərin patogen təsirinin biokimyəvi mexanizminin bir çox tərəflərini aydınlaşdırmağa imkan verib və 1976-cı ildə Z.Əliyeva “Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1979-cu ildə keçmiş İttifaqda ilk dəfə olaraq akademik Zərifə xanım Əliyevanın şəxsi təşəbbüsü və iştirakı ilə istehsalatla elmin vəhdəti olan Bakı məişət kondisionerləri zavodunda Respublika Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya institutun peşə patologiyası üzrə problem laboratoriyası yaradılıb. Z.Əliyeva uzun illər ona rəhbərlik edib. Burada müxtəlif kimyəvi maddələrin və istehsalat tullantılarının görmə üzvünə xroniki təsirinin mexanizmləri öyrənilmiş, bu təsirə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar böyük müvəffəqiyyətlər qazanılmışdır.
Akademik Zərifə Əliyeva və onun tələbələrinin elmi fəaliyyətinin xüsusiyyətini əməkdaşların möhkəm nəzəri hazırlığı üzərində qurulan klinik təcrübə təşkil edirdi. Onun çox istiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, 150-yə yaxın elmi iş, bir ixtira və 12 səmərələşdirici təklifdə öz əksini tapır. Belə çoxşaxəli axtarışları aparmaq məhz Z.Əliyeva kimi böyük alim və klinisistə qismət ola bilərdi. Məsələ yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdən deyil, problemin həllinə xüsusi yanaşmadan ibarətdir. Bu xüsusiyyət Zərifə xanımın aktiv surətdə inkişaf etdirdiyi yaradıcılıq birliyini əks etdirən faktlarda sübutunu tapır”.
Rektor Z.Əliyevanın elmi fəaliyyətinin uzun dövrünün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun oftalmologiya kafedrası ilə bağlı olduğunu deyib: “Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyır. Həmin dövrdə Zərifə xanım göz xəstəlikləri üzrə ixtisaslaşma və təkmilləşdirmə kurslarının həkim-dinləyiciləri ilə pedaqoji iş aparmaqla yanaşı həkimlik fəaliyyəti ilə də məşğul idi. Bu vaxtlar yaradılmış gözün peşə patologiyasına həsr olunmuş “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası şəraitində gözün patologiyası”, “Yod istehsalında gözün peşə xəstəliklərinin profilaktikası”, “Görmə üzvünün peşə xəstəlikləri” adlı monoqrafiyalarına və digər əsərlərinə görə o, dünyanın ən görkəmli alimləri arasında layiqli yer tutub.
1980-ci ildə professor Z.Əliyevaya elmi xidmətlərinə və elmi-pedaqoji kadrların hazırlanmasına görə “Azərbaycanın əməkdar elm xadimi” fəxri adı verilib. 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işlərinə, o cümlədən “Rezin istehsalında gözün peşə patologiyası” monoqrafiyasına görə Z.Əliyeva SSRİ Elmlər Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Bu, professor Z.Əliyevanın elmi xidmətlərinə verilən qiymət idi”.
N.Qasımov qeyd edib ki, görmə üzvünün peşə patalogiyası problemləri ilə yanaşı Z.Əliyeva oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparırdı. Bu tədqiqatların nəticəsində “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri”, “Terapevtik oftalmologiya” və digər monoqrafiyalar çap edilib.
1982-ci ildə Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçildi. Burada o, bir sıra yüksəkixtisaslı elmi kadrları hazırlayıb. Kafedra müdiri kimi Z.Əliyevanın praktik həkimlik işini xüsusi vurğulamaq lazımdır. Onun iştirakı ilə keçən klinik araşdırmalar, xəstələrin yoxlamaları və konsiliumlar gənc həkimlərin təkmilləşdirilməsində əhəmiyyəti rol oynayıb.
Z.Əliyeva bütün ömrü boyu tibb elminin və səhiyyənin ön sıralarında idi. O, keçmiş İttifaqın Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, “Bilik” Ümumittifaq cəmiyyətinin idarə heyətinin üzvü, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin rəyasət heyətinin üzvü olub.
Z.Əliyevanın əvəzsiz xidmətlərinin etirafı kimi 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi, orden və medallarla təltif edilməsi olmuşdur. 2001-ci ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu akademik Z.Ə.Əliyevanın adını daşıyır. Görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım bacarıqlı ailə başçısının qüdrətli dövlət başçısı kimi mənsub olduğu xalqı işıqlı ideallara qovuşdurmaq yollarındakı qətiyyətli mübarizəsinə etibarlı dayaq idi. Oğlu İlham Əliyevin parlaq, işıqlı Vətən övladı kimi tərbiyə olunmasında da cəmiyyətşunaz göz həkiminin, ziyalı Azərbaycan qadınının əvəzsiz rolu minnətdarlıqla qeyd olunmalıdır.
Çıxışının sonunda rektor, professor Nazim Qasımov vurğulayıb ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professor-müəllim heyəti minnətdarlıq hissi ilə Z.Ə.Əliyevanı yad edir, onun xatirəsi qarşısında baş əyir. O, öz yaradıcılıq enerjisi ilə instituta hərarət verib və sonrakı inkişafını müəyyən edib.
Sonra səhiyyə nazirinin müavini professor İlqar Qasımov Zərifə xanım Əliyevanın Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxdığını deyib: “O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən akademik olub. Zərifə xanımın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Z.Əliyeva bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışıb və onun bir həkim kimi səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlər, o cümlədən, bir qadın və ana kimi ideal olması və digər onun haqqındakı əbədi xatirələr xalqın yaddaşında daim yaşayır. Zərifə xanım Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, məhz bütün keyfiyyətlərinə görə hər zaman, hər kəs tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad edilir”.
İnstitutun oftalmologiya kafedrasının professoru Rasim Hacıyev çıxış edərək Zərifə xanım haqqında xatirələrini konfrans iştirakçıları ilə bölüşüb.
Azərbaycan Milli Məclisinin deputatı İlham Məmmədov akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji nailiyyətlərindən danışıb və Azərbaycanda son zamanlar səhiyyənin inkişafında yaranan müsbət dinamika haqqında məlumat verib.
Sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Konfrans öz işini iki gün ərzində 3 plenar iclasda Azərbaycan və xarici ölkələrdən dəvət olunan alimlərin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş 35 sayda çıxışlar ilə davam etdirəcək, tibb elminin aktual məsələləri haqqında məruzələr dinləniləcək. Həm əcnəbi, həm də Azərbaycan alimlərinin təbabətin müxtəlif sahələrində əldə etdikləri nailiyyətlərə həsr olunan bütün çıxışlar dinləyicilər tərəfindən maraqla qarşılanıb və mövzular ətrafında çoxsaylı diskussiyalar aparılıb.