Dekabrın 10-da Azərbaycan Tibb Universitetində görkəmli iqtisadçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi professor Aqil Əliyevin 95 illik yubileyi keçirilib.
×
Dekabrın 10-da Azərbaycan Tibb Universitetində görkəmli iqtisadçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi professor Aqil Əliyevin 95 illik yubileyi keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru professor Gəray Gəraybəyli çıxış edərək Aqil Əliyevin elmi, pedaqoji və ictimai fəaliyyəti haqqında məlumat verib, gənc həkim kadrlarının yetişməsində iqtisadçı alimin xüsusi rol oynadığını qeyd edib.
Universitetin İctimai fənlər kafedrasının müdiri professor Qoşqar Əliyev iqtisad elmlər doktoru Aqil Əliyevin keçdiyi həyat yolu haqqında ətraflı bəhs edib, onun 1953-cü ildən ömrünün sonunadək əmək fəaliyyətinin yalnız Tibb Universiteti ilə bağlı olduğunu, rəhbərlik etdiyi siyasi iqtisad və hüququn əsasları kafedrasının ən yaxşı kafedra adına layiq görüldüyünü, görkəmli iqtisadçı alimin 130-dan artıq məqalənin, 34 monoqrafiyanın müəllifi olduğunu və professorun rəhbərliyi altında 9 doktorluq və 4 namizədlik dissertasiyası yazıldığını bildirib. O, iqtisadçı professorun ibrətamiz ömrünün ayrı-ayrı səhifələrini xatırladaraq onun istər pedaqoq, istərsə də iqtisadçı alim kimi xidmətlərini yada salıb.
Tibb elmləri doktoru professor Vaqif Şadlinski Aqil Əliyevi Tibb Universitetində çalışdığı 50 ilə yaxın müddətdə gözəl pedaqoq, səmimi dost kimi xatırladığını deyib: “Aqil müəllim həmişə hamının halına yanan, tələbələrin həyatı ilə yaxından maraqlanan bir pedaqoq, xeyirxah insan kimi yad edilir. İndi Aqil müəllimi tanıyan və onunla bir yerdə işləyən kimdən soruşsan, bu qayğıkeş və səmimi alim haqqında yalnız xoş sözlər söyləyər. Mən öz həyatımda onun bu alicənab xüsusiyyətləri ilə dəfələrlə üzləşmişəm”.
Professor Surxay Musayev də görkəmli iqtisadçı alimin nəcib keyfiyyətləri, universitetin və tələbələrin həyatında çoxlu yaxşılıqların müəllifi olan pedaqoq kimi danışıb, onunla bağlı xatirələrini bölüşüb.