Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində halqa ilə yarışın finalçıları müəyyənləşib.
×
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində halqa ilə yarışın finalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın iki təmsilçisi – Arzu Cəlilova və Zöhrə Ağamirova həlledici mərhələ adlayıb. Finalda Azərbaycan idmançıları ilə yanaşı, italiyalı Sofia Raffaeli, bolqarıstanlı Boryana Kaleyn, Eva Brezalieva, Özbəkistan təmsilçisi Taxmina İkromova, israilli Asya Adi Katz və Yaponiya gimnastı Sumire Kita da çıxış edəcəklər.
Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.
Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.