Sentyabrın 28-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
×
Sentyabrın 28-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidlərin valideynləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Akademiyanın rəisi, general-mayor Baba Salayev çıxış edərək bildirib ki, haqq və şərəf işimiz olan Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız misilsiz əzm və iradə nümayiş etdirərək və dəmir yumruq kimi birləşərək tarixi Zəfər qazandı. B.Salayev şanlı Qələbəyə görə qəhrəman şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandan İlham Əliyevə borclu olduğumuzu söyləyib. Bildirib ki, qəhrəman şəhidlərimizin canı-qanı bahasına qazanılan bu Qələbə ilə Azərbaycan xalqı daha bir Zəfər salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi aparılan 44 günlük haqq mübarizəmizdən, müharibədən sonra Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğıdan söz açıb. Bildirilib ki, Suraxanı rayonunda altı Şəhidlər xiyabanı yaradılıb. Rayon Vətən müharibəsində 54 şəhid verib. Vətən müharibəsinin iştirakçısı olan rayon sakinlərindən bir nəfər isə itkin düşüb.
Şəhid Səbuhi Əsədovun anası Cahan Əsədova, şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur, ehtiyatda olan polkovnik-leytenant, Qarabağ qazisi Elmar Hüseynov, Suraxanı rayonundakı Şəhid Anaları Cəmiyyətinin sədri Nəsibə Əliyeva və digərləri çıxışlarında Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək tarixi ədaləti bərpa etməklə öz gücünü, əzmkarlığını, vətənpərvərliyini və Qələbə əzmini bütün dünyaya göstərdi,.