×
Fövqəladə Hallar Nazirliyində (FHN) Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin reabilitasiyasının daha səmərəli təşkilinə həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən FHN-in Tibb Mərkəzinin rəisi tibb xidməti polkovniki Xanım Sofiyeva COVID-19 pandemiyası başlandıqdan sonra mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlara dəstək olmaq məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən 2020-ci il aprelin 8-dən etibarən 112 - qaynar telefon xətti vasitəsilə nazirliyin peşəkar psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi işinin təşkil olunduğunu bildirib. Qeyd olunub ki, Vətən müharibəsi dövründə də Gəncə, Bərdə və Tərtərdə, eyni zamanda, erməni silahlı qüvvələrinin raket və artilleriya zərbələrinə məruz qalmış digər rayonlarda yaşayan, erməni terrorundan fiziki və mənəvi zərər görmüş, psixoloji dəstəyə ehtiyacı olan insanlara psixoloji yardım göstərilib.
Həmçinin 44 günlük Vətən müharibəsindən sonra da müharibə ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyası təşkil olunub. Həmin kateqoriyadan olan vətəndaşların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 2021-ci ildə nazirliyin dəvəti ilə Türkiyədən gəlmiş 25 nəfər peşəkar psixoterapevt və FHN-in psixoloqun iştirakı ilə ödənişsiz psixoloji yardım işi həyata keçirilib. Bu layihə 2021-ci il avqust ayınadək davam edib, 2000-dən çox vətəndaşa 4 mindən artıq psixoloji seans təşkil olunub. Bakı, Gəncə, Bərdə, Qəbələ və Lənkəran şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların səmərəli reabilitasiyası həyata keçirilib.
Bu il sentyabrın 5-dən etibarən FHN-in dəvəti ilə qardaş Türkiyədən 20 nəfər peşəkar psixoloq yenidən ölkəmizə gələcək. Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə Bakı, Gəncə, Bərdə, Qəbələ və Lənkəranda psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasını həyata keçirəcəklər.
Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün nazirliyin 112 - qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.
Türkiyədən dəvət olunmuş psixoloq mütəxəssislərdən ibarət qrupun rəhbəri Selcuq Demirtaş mətbuat konfransında bildirib ki, yeddi ay ərzində Bakı, Bərdə, Gəncə, Lənkəran və Sumqayıtda 2160 qaziyə və şəhid ailəsi üzvünə yardım göstərilib: “Onların çoxu psixoloji travmadan sonra stress problemi yaşayırdı. Həmin şəxslərdə başağrıları, yuxu görmə, yuxudan qəfil ayılma kimi əlamətlər müşahidə olunurdu. 4500 seans həyata keçirdik. Göstərdiyimiz xidmətlərin sonunda vətəndaşların 80 faizində sağalma müşahidə etdik”.
Selcuq Demirtaş qeyd edib ki, bu il yenidən Fövqəladə Hallar Nazirliyinin 20 psixoloquna təlimlər keçdik. FHN-in psixoloqları ilə birgə vətəndaşlara xidmət göstərməyə davam edəcəyik”