Türkiyədə baş vermiş yanğınların söndürülməsi ilə bağlı Prezident İlham Əliyevin göstərişi əsasında qardaş ölkəyə göndərilən və yanğınların söndürülməsində fədakarlıq göstərən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin ilk qrupu avqustun 16-da Vətənə qayıdıb.
×
Türkiyədə baş vermiş yanğınların söndürülməsi ilə bağlı Prezident İlham Əliyevin göstərişi əsasında qardaş ölkəyə göndərilən və yanğınların söndürülməsində fədakarlıq göstərən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin ilk qrupu avqustun 16-da Vətənə qayıdıb. Digər qruplar isə quru yolu ilə Vətənə doğru yola çıxıblar.
AZƏRTAC xəbər verir ki, bunu FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin bölmə rəisi polkovnik-leytenant Məhəmməd Xəlilli ilk qrupun Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən qarşılanma mərasimində jurnalistlərə açıqlamasında bildirib.
Birinci qrupun tərkibində Bakıya artıq 165 nəfərin qayıtdığını deyən M.Xəlilli bildirib: “Biz Türkiyənin Muğla vilayətində yanğınların söndürülməsində iştirak etmişik. On gün ərzində yanğınların söndürülməsində yüksək fədakarlıq göstərərək ölkəmizi layiqincə təmsil etdik. Türkiyədə yanğınların söndürülməsinə Azərbaycandan 93 texnika, 743 şəxsi heyət cəlb olunmuşdu. Yanğınlar çətin relyefli, dağlıq və meşəlik ərazilərdə baş versə də, onun söndürülməsi tapşırığının öhdəsindən gələ bildik. Bu, bizim üçün böyük təcrübə oldu. Qardaş ölkədə yanğınları canımız bahasına da olsa söndürməli idik. Bu, Azərbaycan Prezidentinin tapşırığı idi. Yanğınsöndürmə işlərində türkiyəli mütəxəssislərlə birgə fəaliyyət göstərdik. Çox şükür ki, yanğınların söndürülməsi zamanı əməkdaşlarımızdan xəsarət alan olmadı”.