Martın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə media-tur təşkil olunub.
×
Martın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə media-tur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, media-turda Dövlət Agentliyinin rəisi Vüqar Hüseynov qurumun yaranma tarixi, inkişaf yolu və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, respublikamızda nüvə və radioloji təhlükəsizlik sahəsində yaranan münasibətlərin nizamlanması, ölkəmizin üzərinə düşən beynəlxalq öhdəliklərin lazımınca yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 24 aprel tarixli Fərmanı ilə FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi təsis edilib.
Diqqətə çatdırılıb ki, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Agentliyin rəhbəri bildirib ki, bu qurum beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının üzv olduğu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), onun Beynəlxalq Hadisə və Qəza Mərkəzi, ABŞ Enerji Departamenti və digər aidiyyəti təşkilatlarla sıx əməkdaşlıq edir.
Qeyd olunub ki, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində 8 şöbə, bu şöbələrin nəzdində 9 sektor fəaliyyət göstərir.