İşğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən işlərlə tanışlıq məqsədilə Ağdam rayonunun Abdınlı kəndinə mediatur təşkil edilib.
×
İşğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən işlərlə tanışlıq məqsədilə Ağdam rayonunun Abdınlı kəndinə mediatur təşkil edilib.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, mediaturun məqsədi bu ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi sahəsində FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən görülən işlərin işıqlandırılmasıdır.
Mediaturda jurnalistlərə məlumat verilib ki, 44 günlük Vətən müharibəsindən sonra ərazilərin minalardan, partlamamış hərbi sursatlardan və müharibənin digər qalıqlarından təmizlənməsi prosesinə digər dövlət qurumları ilə yanaşı, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran qrupları da cəlb olunub. Bu ilin yanvarından başlayan əməliyyatlar əsasən Ağdam və Füzuli rayonları istiqamətində - kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılır. Bu günədək Ağdamın altı kəndində minatəmizləmə işləri aparılıb. Bunlar Maqsudlu, Kosalar, Eyvazxanlı, Abdınlı, Qızılkəngərli və Xaçındərbənd kəndləridir.
Mediatur zamanı KİV nümayəndələri ərazilərin minaaxtaran itlər vasitəsilə minalardan təmizlənməsi prosesi, eləcə də bu əməliyyatların icrası zamanı istifadə edilən avadanlıqla tanış olublar.