Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
×
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
AZƏRTAC xəbər verir ki, agentlik yay mövsümünün başlanması ilə əlaqədar istirahət və əyləncə mərkəzlərində, o cümlədən parklarda attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirir. Bu istiqamətdə növbəti tədbir paytaxtın Nərimanov rayonunda yerləşən N.Nərimanov adına bağın ərazisində reallaşdırılıb.
Tədbirdə iştirak edən agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılıb. Həmçinin müəyyənləşdirilən nöqsanların aradan qaldırılması üçün attraksionların məsul şəxslərinə zəruri göstəriş və tövsiyələr veriblər. Bildirilib ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir.
İnsanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsinin zəruriliyi attraksionlara cavabdeh olan hüquqi və fiziki şəxslərdən tələb edilib.
Tədbirdə attraksionların təhlükəsiz istismar olunmasında üzərilərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə attraksion işçilərinə ətraflı məlumat verilib.