İşğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.
×

AZƏRTAC xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 3-ü qadın olmaqla 8 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Hazırda dağıntılar altında qalan mülki şəxslərin xilas edilməsi işləri davam etdirilir.
Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlığın və Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmamasının növbəti bariz göstəricisidir. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması işğalçı ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir. Ermənistanın dinc əhalini, çoxmənzilli yaşayış binalarını və mülki obyektləri ağır artilleriya və raket atəşinə tutması işğalçı ölkənin dövlət səviyyəsində terror siyasəti yürütməsinin əyani göstəricisidir.
Bununla belə, düşmən törətdiyi cinayətləri həyasızcasına xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərləri tirajlamaqla qanunsuz əməllərini təkzib etməyə cəhdlər göstərir.
Ancaq düşmənin həmişəki kimi, öz çirkin əməllərini, terror cinayətlərinin pərdələməyə çalışması cəhdləri bir fayda verməyəcək. Hadisə yerindən yerli və xarici media nümayəndələrinin yaydığı foto və videogörüntülər ermənilərin növbəti yalanlarını ifşa etməkdədir.