Oktyabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda istedadlı yazıçı, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fazil Güneyin (Abbasov) 80 illik yubileyi qeyd olunub.
×
Oktyabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda istedadlı yazıçı, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fazil Güneyin (Abbasov) 80 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, mədəniyyət xadimlərinin, ədəbiyyatşünasların və ədəbiyyatsevərlərin iştirak etdikləri tədbirdə yazıçının həyat yolu və yaradıcılığından geniş söz açılıb.
Təqdimat mərasimində akademik Nizami Cəfərov Fazil Güneyin özünəməxsus yaradıcılıq yolundan, əsərlərinin orijinal üslubundan danışıb.
Bildirilib ki, müəllif Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi kimi çalışdığı illərdə də ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb və Azərbaycan həqiqətlərinin dünyaya tanınmasına öz töhfəsini verib. “Qara qan” kitabı ilə böyük oxucu məhəbbətini qazanan yazıçı bu gün də öz əqidəsinə sadiq qalaraq yeni əsərləri ilə xalqımızın başına gətirilən müsibətlərə güzgü tutur, haqq işimizin dünyaya çatdırılması yolunda əlindən gələni əsirgəmir.
N.Cəfərov ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Mərasimdə Xalq şairi Sabir Rüstəmxanlı diqqətə çatdırıb ki, Fazil Güneyin müxtəlif janrlarda yazılmış əsərlərinin aparıcı leytmotivi vətənpərvərlik, mənəvi saflıq, təmiz sevgi duyğularıdır. F.Güney yüzlərlə publisistik yazının, felyeton, pamflet və hekayələrin, elmi məqalələrin müəllifidir. “Ulduz sövdəsi” pamfletlər toplusunun, Qarabağ müharibəsindən bəhs edən “Qara qan” tarixi romanının, ABŞ-da ingiliscə çap olunan “Reality in Lie” hekayələr və povestlər toplusunun müəllifi kimi şöhrət qazanıb.
Diqqətə çatdırılıb ki, Qarabağ münaqişəsindən bəhs edən üçcildlik “Qara qan” tarixi romanı, ədəbiyyat tariximizdə öz layiqli yerini tutmağa iddialı ən dəyərli ədəbi yaradıcılıq nümunəsidir. Qarabağ müharibəsi haqda, demək olar ki, ciddi tarixi-ədəbi əsərlərin olmadığı bir vaxtda üçcildlik trilogiya yazmaq böyük cəsarət tələb edir. Romanın iki cildi çap edilmiş, üçüncü cildi isə nəşrini gözləyir.