Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində təxribat törətmiş, ordumuzun mövqelərini ağır artilleriya qurğularından atəşə tutmuş, ərazilərimizi zəbt etməyə cəhd etmişlər.
×
Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində təxribat törətmiş, ordumuzun mövqelərini ağır artilleriya qurğularından atəşə tutmuş, ərazilərimizi zəbt etməyə cəhd etmişlər. Bununla əlaqədar olaraq Əlil Təşkilatları İttifaqına daxil olan 41 təşkilat bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Qəfil hücum zamanı ordumuzun komandir, zabit və əsgərləri şəhid olub, yaralılar var. Ali Baş Komandanımızın qəti iradəsi ilə Azərbaycan Ordusunun ərazi bölmələri yüksək peşəkarlıq və döyüş ruhu nümayiş etdirərək rəşadət göstərmiş, düşmən ordusunu itkilərə məruz qoyaraq geri çəkilməyə məcbur etmişdir. Bu, Milli Ordunun yüksək döyüş hazırlığını, möhkəm maddi-texniki bazaya malik olduğunu, zabit və əsgərlər arasında yüksək vətənpərvərlik ruhunun hökm sürdüyünü göstərir.
Ermənistan dövləti bu təxribatı törətməklə növbəti dəfə təcavüzkar siyasətini büruzə verdi. Azərbaycanın tarixi ərazilərində dövlət qurmuş, siyasətini məkrli niyyətlərlə formalaşdıran Ermənistan dövləti zaman-zaman işğalçılıq niyyətlərindən əl çəkmir, əsassız ərazi hərisliyindən usanmır. Lakin onlar unudurlar ki, indi Azərbaycan hər bir sahədə, o cümlədən ordu quruculuğu sahəsində bölgədə lider ölkələrdən biridir və Ali Baş Komandanın əmri ilə hər an işğal olunmuş torpaqlarını azad etmək iqtidarındadır”.
Bəyanat müəllifləri Milli Ordunun ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi igidlik nümunəsini təqdir edir, Vətən torpaqlarının müdafiəsi uğrunda canlarını fəda edən şəhidlərimizə rəhmət, yaralı döyüşçülərimizə şəfa diləyək bildirirlər: “Biz Əlil Təşkilatları İttifaqı ətrafında birləşən təşkilatlar, əlilliyi olan şəxslər, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmuş vətəndaşlarımız beynəlxalq birliyi Ermənistanın təxribatlarına qarşı çıxaraq onu durdurmağa və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çağırırıq”.