Müharibədən sonrakı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın üzərinə böyük məsuliyyət düşür.
×
Müharibədən sonrakı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın üzərinə böyük məsuliyyət düşür. Postmünaqişə və postmüharibə dövründə bu mövzuda təlimlərin təşkili mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq sahədə ixtisaslaşmış jurnalistlərə böyük ehtiyac duyulur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov yanvarın 24-də media nümayəndələri üçün təşkil edilmiş "Müharibədən sonrakı reallıqlar və media” mövzusunda təlimlərin açılış mərasimində deyib.
Ə.İsmayılov diqqətə çatdırıb ki, Azərbaycan jurnalistləri hər zaman fədakarlıqları ilə seçiliblər. Biz bunu Vətən müharibəsi dövründə də gördük. Jurnalistlər peşəkarlıqlarını daim artırmalıdırlar. Media nümayəndələrinin peşəkarlığı ölkə daxilində qalmamalı, sərhədləri aşmalıdır.
“Bu platformanı öz üzərimizə götürəcəyik və bu proses davam etdiriləcək. Bu platforma həm jurnalistlərin peşəkarlığının artırılmasına, həm də ümumi işimizə fayda verəcək. Təlimlərə xarici mütəxəssislər də cəlb olunacaq. Düşünürəm ki, təlimlərdən sonra yazıların keyfiyyəti daha da yaxşılaşacaq və daha səmərəli olacaq, - deyə icraçı direktor bildirib.