×
Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin(FHN) təşkilatçılığı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və UNEC Tədqiqat Fondunun iştirakı ilə mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu mövzusunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) rəis müavini general-mayor Məhərrəm Həsənov Azərbaycanın tarixi Zəfərindən danışıb. Bildirib ki, hazırda əsas məqsəd işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi və yurdlarından didərgin düşən əhalinin geri qaytarılmasıdır. Dövlət qurumları əlaqəli şəkildə bu işlə məşğuldurlar. 2021-ci ilin yanvar ayından bəri Ağdam və Füzuli istiqamətlərində böyük ərazilər minadan təmizlənib.
Vurğulanıb ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsindən sonra gücünü dünyaya göstərdi. İndi cəmiyyəti maarifləndirmək lazımdır ki, minalarla bağlı daha ehtiyatlı olsunlar.
Sonra çıxış edən FHN-in mətbuat xidmətinin rəisi mayor Gülçin Mehdiyeva bildirib ki, minatəmizləmə işləri sürətlə davam edir. Bundan əlavə, əhalinin maarifləndirilməsi də çox önəmlidir. Minaların təmizlənməsi prosesinə təlim keçmiş itlər də cəlb edilib.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin şöbə müdiri əməkdar jurnalist Natiq Məmmədli diqqətə çatdırıb ki, əsas məqsəd insanları mina təhlükəsizliyi ilə bağlı məlumatlandırmaqdır. Deyib ki, düşmən tərəfindən təqdim edilən mina xəritələrinin dəqiqəlik faizi çox aşağıdır. Buna görə işğaldan azad olunmuş ərazilərə qanunsuz səfərlər daha təhlükəlidir. Ona görə də indi əsas işlərdən biri media vasitəsilə insanları ya yazılı, ya da vizual formada məlumatlandırmaqdır.
UNEC Tədqiqat Fondunun media və dövlət qurumları ilə iş üzrə departament rəhbəri Ellada Əliyeva media planının hazırlanmasından danışıb. Qeyd edib ki, plan çox uğurla nəticələnib. Digər plan isə yanğınlarla bağlı olub. Bu plan həm Qarabağda və digər ərazilərimizdə, həm də Türkiyə baş verən yanğınlar zamanı işin effektivliyinə müsbət təsir göstərib.
Sonra Xüsusi Riskli Xilasetmə Xidmətinin şöbə müdiri, kapitan Süleyman Heydərov təlim haqqında məlumat verib, media ilə qarşılıqlı əlaqələrin faydasından danışıb. Həmçinin tədbirin məqsədindən bəhs edən S.Heydərov deyib ki, mina və partlamamış hərbi sursatlar, mina təhlükəsizliyinə dair təhlükəsizlik davranışı qaydaları, “112” və “102” qaynar xətlərinin xilasetmə əhəmiyyəti mövzusunda məlumatlar verib.
O, minaların zərərsizləşdirilməsi prosesindən danışıb. Bildirib ki, minaların tapılması əllə, itlərlə və texniki vasitələrlə həyata keçirilir.
Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborunun şöbə rəisi, baş leytenant Elvin Qocayev minatəmizləmə əməliyyatlarında ANAMA ilə əməkdaşlıqdan danışıb. Bildirib ki, işlər paralel olaraq aparılır. Kinoloji taborun itləri gün ərzində min kvadrata yaxın ərazini minadan təmizləyə bilir.
Təlimin gedişində xüsusi təlim keçmiş itlərlə minatəmizləmə fəaliyyəti, sürpriz və digər partlamamış hərbi sursatlar, mina təhlükəsinə dair davranış qaydaları haqqında slaydlar nümayiş etdirilib, iştirakçılarına mövzu ilə bağlı məlumatlar verilib.
Sonra iştirakçılar əyani təlim vasitələrnin informativ sərgisi ilə tanış olublar.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlim FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində təşkil olunub.