Mayın 15-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyində milli ədəbiyyatımızın tanınmasında böyük xidmətləri olmuş Salman Mümtazın ekspozisiyasının açılış mərasimi keçirilib.
×
Mayın 15-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyində milli ədəbiyyatımızın tanınmasında böyük xidmətləri olmuş Salman Mümtazın ekspozisiyasının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru akademik Rafael Hüseynov bu il anadan olmasının 140 illiyinin qeyd edildiyi Salman Mümtazın milli ədəbiyyatımızın tanınmasında göstərdiyi xidmətlərdən danışıb. O qeyd edib ki, Salman Mümtaz ömrünü Azərbaycan klassik şairlərinin əsərlərinin, aşıq poeziyası və folklor nümunələrinin toplanmasına və nəşrinə sərf edib.
Alim bildirib ki, 1937-ci ilin qanlı repressiya burulğanı bu ziyalı insandan da yan keçmədi. Onu “Bakinskiy raboçi” qəzetində nəşr olunan məqalələrində buraxdığı “ideoloji səhvlərini” əsas göstərərək pantürkizm və millətçilikdə ittiham edirdilər. “Xalq düşməni” damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edildi və Bakıdakı evində siyasi düşmən kimi həbs olunaraq, ağır işgəncələrə məruz qaldı. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edildi.
Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olundu və həmin bölgənin yaxınlığında Medvedski meşəsində güllələndi.
Akademik Rafael Hüseynov deyib: “Salman Mümtazın Əlyazmalar İnstitutundakı arxivini hələ 1970-ci illərin ortalarında, tələbəlik dövrümdə əvvəldən-sonadək araşdırmışdım. Onun şəxsi kitabxanasında olmuş, evinə gedib-gələn alimlərin, ədiblərin şəhadətinə əsasən tərtib edilmiş 258 addan ibarət siyahını da o vaxt ilk dəfə görmüşdüm”.
Alim bildirib ki, Azərbaycanın repressiyaya məruz qalan şair və yazıçıları bu gün də xalqımız tərəfindən yad edilir və ediləcək.
Tədbirdə tədqiqatçı-alim Şəlalə Hümbətova, S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova Salman Mümtaz yaradıcılığı haqqında məlumat veriblər.
Sonda Salman Mümtazın nəvəsi şərqşünas-alim Urxun Qalabəyli babasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.