×
Yanvarın 17-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Sağalmaz yaralar, köhnəlməyən yaddaş” mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Ədəbiyyat Muzeyinin baş direktoru akademik Rafael Hüseynov açaraq 20 Yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq salnaməsi kimi daxil olduğunu vurğulayıb, xalqınızın bu günü uzun illərdən bəri tarixin qara səhifəsi kimi qeyd etdiyini bildirib.
Rafael Hüseynov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun insanlığa yaraşmayan faciə törətməsindən, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən danışıb, eyni zamanda, bu hadisənin xalqımızın azadlığı və müstəqilliyi yolunda böyük əhəmiyyət daşıdığını deyib. Bildirilib ki, Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirilən XX əsrin 80-ci illərinin sonundan başlayan milli azadlıq hərəkatı 1990-cı il yanvar hadisələrindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Akademik qeyd edib ki, 1990-cı il yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdi. O, bu hadisələr zamanı yaradılan informasiya blokadasının Moskvada təcrid olunmuş vəziyyətdə yaşayan Azərbaycanın böyük oğlu, ulu öndər Heydər Əliyev tərəfindən aradan götürüldüyünü bildirib: “1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev həyatını təhlükəyə ataraq İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıda törədilmiş qanlı hadisələrlə bağlı bəyanat verib. Dahi Liderin 20 Yanvarla bağlı həqiqətləri əks etdirən bəyanatı informasiya blokadasının yarılması istiqamətində ilk mühüm addım olmuşdur”.
Rafael Hüseynov ölkənin kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırıldığı, xalqın informasiya almaq hüququndan məhrum edildiyi bir dövrdə ulu öndər Heydər Əliyevin, eləcə də Azərbaycan ziyalılarının Qanlı Yanvar faciələri zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördükləri işlərdən bəhs edib, dünyanın müxtəlif kütləvi informasiya vasitələrinə 20 Yanvar dəhşətləri ilə bağlı verdikləri müsahibələrdən söz açıb.
“Sovet rejiminin törətdiyi qətllər xalqımızın müstəqillik aktlarının qarşısını ala bilmədi və Azərbaycan 1991-ci ildə öz müstəqilliyinə qovuşdu. Azadlıq hər bir xalqın tarixində elə ali nemətdir ki, ona çatmaq üçün ağır sınaqlardan keçmək lazımdır”, - deyə baş direktor bildirib.
Rafael Hüseynov ölkəmizin müstəqilliyinin qazanılması və onun qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən söz açıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi ilə şəhidlərimizin qisası alındı, onların qanı yerdə qalmadı.
Akademik Rafael Hüseynov şəhidlərimizin azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də qürur mənbəyi olacağını və heç zaman unudulmayacağını söyləyib.