Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla dekabrın 1-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilir.
×
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla dekabrın 1-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, vida mərasimində DSX-nin rəhbərliyi, şəhidlərin yaxınları, müxtəlif qurumların və ictimaiyyətin nümayəndələri iştirak edirlər.
Vida mərasimi şəhid hərbi qulluqçuların cənazələrinin zala gətirilməsi ilə başlayıb.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasim iştirakçılarına şəhid hərbi qulluqçuların xidməti fəaliyyətləri barədə ətraflı məlumat verilib.
Vida mərasimindən sonra şəhid hərbi qulluqçuların nəşləri dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.
Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak olub, 2 hərbi qulluqçu yaralanıb. Hadisə ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2-ci (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, aidiyyəti qurumların nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb.