Dövlət Kukla Teatrının direktoru: Heç zaman məcburən bilet satdırmamışıq - MÜSAHİBƏ
ID:
04.10.2023 15:00 / MƏDƏNİYYƏT
Foto : AZƏRTAC /Ilkin Cavanşirov
Artıq sənət ocaqlarında yeni teatr mövsümünə start verilib. Tətildən qayıdan səhnə ustaları yenidən öz işlərinin başındadırlar.
Artıq sənət ocaqlarında yeni teatr mövsümünə start verilib. Tətildən qayıdan səhnə ustaları yenidən öz işlərinin başındadırlar. Belə bir ərəfədə Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ilə görüşüb yeni mövsümdə gözlənilən yeniliklərdən, gələcək planlardan və teatrdakı mövcud vəziyyətdən danışdıq. Müsahibəni təqdim edirik.
-Rəşad müəllim yeni mövsümə necə hazırlaşmısınız?
-Sentyabrın 1-dən Azərbaycan Dövlət Kukla Teatrında 92-ci teatr mövsümünə start verilib. Hər il necə hazırlaşırdıqsa yenə də elə hazırlaşmışıq. Ənənəvi olaraq biz il ərzində plana uyğun olaraq 4 yeni tamaşa təhvil veririk. Sözsüz ki, plandan kənar səhnə işlərimiz də olur. Plan üzrə artıq iki tamaşanı təhvil vermişik, 3-cü tamaşaya da daxili baxış keçirilib. Əslində, planla bir yeni tamaşamız qalır, buna baxmayaraq dekabrın 31-dək daha iki yeni tamaşanı təhvil verəcəyik. Gördüyünüz kimi, iş başındayıq, işləyirik, çalışırıq ki, üzərimizə düşən işi layiqincə yerinə yetirək.
-Yeni mövsümü hər dəfə eyni tamaşa ilə açırsınız?
- Xeyr, hər dəfə yeni tamaşa ilə açırıq. Artıq tamaşaçılarımız da bu ənənəyə öyrəşiblər. Bu il yeni teatr mövsümünə “Melisa” tamaşasının primayasa ilə başladıq.
-Hazırda repertuarda hansı tamaşalar var və yeni əsərlərin premyerası gözlənilirmi?
-Hamısının adını çəksəm böyük bir sıyahı alınar. Hazırda bu gün repertuarımızda 44 tamaşa var. Premyeralara gəldikdə “Melisa”nı təqdim etdik. Dekabrda isə “Ələddinin sehrli çırağı”nın premyerası olacaq. Bunlar tam yeni tamaşalardır. Daha iki tamaşanı da keçən mövsümün sonunda vermişik. Biz indi il ərzində götürdüyümüz öhdəlikdən və hazırladığımız tamaşalardan danışırıq. Əgər mövsümlə götürsək 92-ci teatr mövsümündə artıq bir tamaşanın premyerası olub, bir səhnə əsərinə də daxili baxış keçirilib. Yəni, demək olar ki, iki tamaşanı təhvil vermişik. Gələn ilin may ayınadək təxminən dörd tamaşanı təhvil verəcəyik.
Bildiyiniz kimi bizdə bütün səhnə əsərləri bədii şura tərəfindən dəyərləndirilir. Hətta bədii şuranın hər hansı bir tamaşanı qəbul etməsi belə, asan başa gəlmir. Əgər hər hansı bu tamaşa tamaşaçı tərəfindən qəbul edilmirsə, zövq oxşamırsa, ona baxmağa tamaşaçı gəlmirsə bütün çəkilmiş xərcə, aktyorların zəhmətinə baxmayaraq o səhnə əsəri repertuardan çıxarılır. Tamaşa repertuardan çıxdığı halda, bizim artıq tamaşanı saxlamaq üçün o qədər də yerimiz olmadığından onu hansısa xalq teatrına bağışlayırıq.
-Bilirsiniz ki, ölkə başçısının Sərəncamı ilə Azərbaycan peşəkar milli teatrı 150 illik yubileyini qeyd edir. Rəhbərlik etdiyiniz sənət ocağı bu əlamətdar yubileyə hansı töhfəni verəcək?
-Mədəniyyət Nazirliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının isə 150 illiyi münasibətilə silsilə tədbirlər keçirilir. Bu tədbirlər çərçivəsində biz də ilk dəfə olaraq “Kukla teatrı həftəsi” keçiririk. Bundan əlavə demək olar ki, bir çox rayonlarda Mədəniyyət Nazirliyinin xətti ilə çıxış elədik. İki gün bundan əvvəl Gəncə şəhərində olduq. Bu istiqamətdə işlərimiz davam edir. Hər iki əlamətdar yubileyə öz töhfəmizi verməyə çalışırıq.
– Dövlət Kukla Teatrının beynəlxalq əlaqələri hansı səviyyədədir və ötən dövr ərzində xaricdən kimlər dəvət olunub?
-Əvvəllər hər hansı bir festivala getmək bizim üçün çətin olurdu. Biz gərək onlara tamaşanın videosunu, şəkillərini göndərəydik. Artıq təxminən 10 ildir ki, bizim üçün bu problem aradan qalxıb. Yəni artıq dəvət edən tərəf bizi tanıyır. Bizə bu imkanı hazırda başa çatan “Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı tanıtdı. Bu Dövlət proqramı bütün teatrlara beynəlxalq əlaqələrin inkişafı üçün böyük imkanlar yaratdı. Həmçinin 2011-2013-cü illərdə Azərbaycanda ilk dəfə Beynəlxalq Kukla Teatrı festivalı keçirildi. Bu festivallarda hər dəfə təxminən 20 ölkədən 30-a yaxın teatr iştirak edirdi. Nəticədə bütün qitələrdən olan kukla teatrları ilə əlaqələrimiz, münasibətlərimiz yarandı. O cümlədən də bizim özümüz də bu 10 il ərzində təxminən 25-ə yaxın xarici ölkədə festivalda olduq. Çoxlu mükafatlar qazandıq. İstər Dövlət proqramı, istərsə də beynəlxalq festivallar bizim əlaqələrimizi daha da genişləndirdi, daha da möhkəmləndirdi. Nəticədə 2011-ci ildə biz Azərbaycan Teatr Assosiasiyasının üzvü olduq və Azərbaycan Milli Mərkəzi yaradıldı. Bundan sonra da bir neçə dəfə təşkilat komissiyasının iclasları məhz Bakıda keçirildi. Yəni artıq festivallarda çıxış elədik, festivalları qəbul elədik. Kukla sənəti ilə məşğul olan camiyə Azərbaycan Dövlət Kukla Teatrının nəyə qadir olduğunu bildi.
Görülən işlərin müsbət nəticəsidir ki, bu gün Türkiyə, Qazaxıstan, Rusiya və digər ölkələrdən 10 dəvətimiz var. Əvvəl bizi seçirdilərsə, indi biz seçirik. Baxırıq ki, hansı daha nüfuzludur, daha tanınandırsa o festivala qatılmağa üstünlük veririk. Hazırda bizim Rusiyadan iki Qazaxıstandan da iki dəvətimiz var. Keçən mövsümdə biz Gürcüstanın Mədəniyyət Nazirliyinin dəvəti ilə Tbilisidə çıxış elədik. Gürcüstandan 3 diplom gətirdik. Səfər çərçivəsində Gürcüstan Kukla Teatrları birliyi ilə Memorandum imzaladıq və bu memoranduma əsasən noyabr ayında Teatrın baş rejissoru tamaşa hazırlamaq üçün Bakıya dəvət olunub.
–Kənardan gələn rejissorların quruluş verdiyi tamaşalarda hansısa bir fərqlilik hiss olunurmu?
-Əvvəllər fərq olurdu. Ancaq artıq 15 ildir ki, bu fərq aradan götürülüb. Belə ki, əvvəllər biz hansısa bir xarici ölkəyə qastrola gedəndə oradakı kukla teatrlarına heyranlıqla baxırdıq. Sözün düzü həm də qəribə bir hal yaşayırdıq. Ancaq bizim teatrımız 2007-ci ildə əsaslı təmirdən çıxandan sonra hansı teatra gediriksə hazırladığımız tamaşanı demək olar ki, bütöv şəkildə ora apara bilmirik. Çünki həmin teatrda bizdə olan şərait, imkanlar yoxdur. Yeni binamızda yaradılan hərtərəfli şərait bizə böyük imkanlar yaradıb. Artıq istənilən halda istənilən məsələni özümüz həll edə bilirik. Hazırda bizdə 20 santımetrdən başlamış, beş metrə qədər istənilən ölçüdə kuklalar var.
-Rəşad müəllim elə yeri gəlmişkən bir qədər də kuklaların hazırlanma prosesindən danışardınız, haradan alırsınız, neçəyə başa gəlir?
-Əslində nəyə görəsə teatrdan və yaxud incəsənətin digər növündən söhbət düşəndə hamıya maliyyə maraqlı olur. Kukla var ki, 100 manata eləsi də var ki, 1000 manata başa gəlir. Yəni onun strukturunda müəyyən fərqlər olur. Elə olur gözlər, burun, qulaq tərpənir. Biz son dəfə elə kuklaları Sankt-Peterburqdan sifariş eləmişdik. Artıq Avropada demək olar ki, kuklanın gözünü, qulağını, nəinki ağzını da açmırlar. Yəni artıq hər bir sahədə hansısa bir inkişaf prosesi getdiyi kimi, müəyyən dərəcədə tamaşaçıya kuklanın ağzı, gözünün açılması o qədər də maraqlı deyil.
Bəzən dükanda satılan kuklalarla bizim kuklaları müqayisə etmək istəyirlər. Kənardan baxanda kuklalar mağazadan alınanlara bənzəsə də, hazırlanma prosesindən tutmuş, strukturuna qədər tam fərqlidir. Bu müqayisə olunası məsələ deyil. Bütün kuklalar eyni qiymətdə olmur. Funksiyalarından asılı olaraq qiymət dəyişir. Tamaşada aparıcı və köməkçi kuklalar olur. Bizim üçün əsas zövqdür. Hansısa uşaq tamaşamızdan zövq alırsa, bu, bizim üçün xoşbəxtlikdir.
– Hazırda Kukla Teatrına tamaşaçı marağı necədir? Biletlərin qiyməti neçəyədir?
-On ildən artıqdır ki, tamaşaçı sarıdan korluq çəkmirik. Son 13 ildə biletlərimizin qiyməti 3 manat olub. Bu ilin sentyabrın 1-dən biletlərimizin qiyməti beş manata qalxıb. Bu, bizdən asılı olan məsələ deyil, teatrın biletini biz yox, bazar tənzimləyir. 13 il ərzində təxminən hər bir materialın qiyməti üç dəfə artıb. Biz ancaq qiyməti artırmamışıq. Binanın kommunal xərcləri, saxlanılması, cari təmirləri hamısı bizim öhdəmizdədir. Yəni bunları qazandığımız pulla edirik. Kommunal xərclərdən əhali necə istifadə edirsə, eləcə də biz istifadə edirik. Sentyabrın birindən bizim qiymətimizin artması həm də iticket sisteminə (iTicket.AZ) qoşulmağımızla bağlıdır. Bilirsiniz, bu ilə qədər biletlərimiz həmin sistemdə yox idi. Biz buna baxmayaraq, heç bir zaman məcburən heç bir yerdə bilet satdırmamışıq. Amma fakt bundan ibarətdir ki, bizim teatrımız açıq kasa işlədən yeganə teatrdır. Biz heç bir idarədən, məktəbdən bilet satışı üçün xahiş etmirik. Bu gün teatra gələnlərin hamısı kassadan bilet alanlardır.
- Əvvəllər sizin teatrda böyüklər üçün də tamaşalar hazırlanırdı, indi necə...
-Böyüklər üçün teatr hazırlamaq söhbəti ancaq bizdədi. Artıq digər ölkələrdə böyük və ya kiçik söhbəti olmur. Bizdə üç yaşında uşaq tamaşaya valideyni ilə eyni vaxtda baxır.
Düzdü bizdə böyüklər üçün də tamaşalarımız var. Amma gündəlik göstərmək üçün deyil. Ancaq festivala gedəndə həmin tamaşaları istəyirlər. Bilirsiniz o da nə vaxt baş verir? Münsiflərin üzvləri yaşlı nəslin nümayəndəsi olanda. Ancaq elə festivallar olur ki, orda uşaqlar üçün ayrı tamaşa təqdim olunur, böyüklər üçün isə ayrı.
-Teatra yeni, xüsusilə də Tarixi Zəfərimizlə bağlı əsərlər təqdim olunurmu?
-Hazırda üç pyes qəbul etmişik. Bu əsərlər Zahid Xəlil, Solmaz Amanova və Azər Qismətə məxsusdur. Bu günlərdə bədii şurada bu əsərlərə baxılacaq. Əgər hər hansı bir yeni əsər bədii şura tərəfindən qəbul olunursa, rejissoru təyin edilir. Rejissor özü teatrda fəaliyyət göstərən rəssamlardan quruluşçu rəssam seçir. Təxminən 3-4 həftəyə eskizlər bədii şuraya təqdim olunur. Hər bir personaj, kukla, səhnə geyimi, dekorasiya, hamısı yenidən hazırlanır.
Kukla teatrının qapısı istənilən bəstəkara, yazıçıya, rejissora, rəssama açıqdır. Ancaq bir məsələni yaddan çıxarmayaq ki, biz uşaqlar üçün tamaşa hazırlayırıq. Dəfələrlə elə əsərlər təqdim olunub ki, o tamaşanı heç böyük adama da göstərmək olmaz. Həm də iki yaşında uşağa kukla teatrı olaraq müharibəni göstərə bilmərik. Amma bacardığımız qədər vətənpərvərlik mövzusunda tamaşalar hazırlayırıq.
Sonuncu tamaşamız müharibə mövzulu “Melisa” tamaşası oldu. Bundan qabaq da “Yeddi nar çubuğu”, “Məlikməmməd” tamaşalarını hazırlanmışdı.
– Neçə ildir bu teatra rəhbərlik edirsiniz?
-Demək olar 43 ildir bu sahədə çalışıram. 1980-ci ildən 1996-cı ilə qədər Musiqili Teatrda səhnə maşinisti vəzifəsində işləmişəm. Sonra həmin teatrının direktor müavini vəzifəsinə təyin olunmuşam. 1996-cı ildə Kukla Teatrına direktor müavini kimi gəlmişəm. 2010-cu ilə qədər bu vəzifəni icra etmişəm. Ümumi götürəndə 40 ilin 20 ilini iki teatrda direktor müavini vəzifəsində işləmişəm. 2010-cu ildə də Kukla Teatrına direktor vəzifəsinə təyin olunmuşam.
-Teatra rəhbərlik etmək sizcə çətindir, yoxsa...
-Hər bir işin çətin və asan tərəfləri var, heç nə asan olmur. Düşünürəm ki, peşəkarlarla işləyəndə çox da çətinlik hiss etmirsən.
– Neçə əməkdaşınız var?
-Ümumi 96 əməkdaşımız var. Onun təxminən yarısı yaradıcı, digər yarısı texniki işçilərdir. Kənardan baxanda bu hiss olunmur. Bəzən bir tamaşa hazırlanır, tək aktyor oynayır. Amma bunu təxminən 20-30 nəfərlik texniki personal ərsəyə gətirir.
– Əməkdaşların əməkhaqları necədir?
-Mən 1996-cı ildə burada direktor müavini işləyəndə təxminən 10 dollar maaş alırdım. Sonra az-az artmağa başladı, indi də normaldır. Deməzdim ki, maaşlar elə də yüksəkdir, aktyorun vəzifəsinə, tituluna görə fərqlənir. Ancaq aktyorlar var ki, sadəcə buradakı işlə kifayətlənmirlər, başqa çəkilişlərdə də iştirak edirlər.
–Belə olan halda onlara güzəşt edirsiniz?
-Teatrın direktoru olaraq kiməsə haradansa, ya televiziyadan, ya serialdan çəkilişlə bağlı təklif gələndə mən onlar üçün əlimdən gələn şəraiti yaradıram. Ancaq hər şey qanun çərçivəsində tənzimlənməlidir. Yəni, yaradıcı işçilər işdən sonra, ya da istirahət genlərində gedib həmin çəkilişlərdə iştirak edə bilərlər. Mən buna normal baxıram. Birincisi aktyorlarımız müxtəlif fakültələri bitirsə də, gəlib Kukla Teatrında çalışır. Birinci dəfə gələndə təxminən belə fikirləşir ki, müvəqqəti gəlmişəm bir az işləyib gedəcəyəm. Sonra bilmirəm buranın sehrindəndi, nədəndirsə həmin adam burda qalıb işləmək istəyir. Bunun ancaq ikinci tərəfi odur ki, Rəhman Rəhmanov, 45-50 ilə yaxındır pərdənin arxasından tamaşa oynayır. Rəhman Rəhmanovun sima olaraq tanınması televiziyanın hesabına olub. Onunla paralel adamlar var ki, Rəhman yaşdadır, onun qədər stajı var, ancaq simadan tanımırlar. Çünki artıq onlar belə qalmağı qəbul ediblər. Ona görə də indi rejissorlarımız da bu məsələni başa düşür. Son 10-15 ildə elə etmişik ki, səhnədə həm canlı tamaşalar, həm də kukla olsun. Aktyorlarımız simadan tanısın. Buna görə də düşünürəm ki, seriallar, televiziya aparıcılığı və digər yaradıcı işlər teatrımızın aktyorlarının tanınmasına güclü təkan verir.
- Bu gün universiteti bitirən rejissor və aktyorlar ilk növbədə böyük teatrlarda işləməyə üstünlük verir. Bəs, onların Kukla Teatrına cəlb olunması, işə qəbulu necə aparılır?
- Bizdə aktyorun işə qəbulu heç də asan məsələ deyil. Xalq artistimiz Yaşar Nuri bir gün gəldi mənə dedi ki, kuklasız yox, canlı oynayım. Sonra dedi ki, nə qəliz məsələ imiş bu. Mən ona görə həmişə deyirəm ki, burada çalışmaq heç də asan deyil. Birincisi, gərək bu işə könül verən aktyor bizdə təxminən bir ay, iki ay məşqlərdə iştirak edə. Çünki həm oxumaq, həm danışmaq üçün səsindən başqa, həm də onun öz plastikası olmalıdır. Kukla elə bir texnikadır ki, onunla işləmək üçün adamın plastikası olmalıdır. Əgər yoxdursa, kukla oynada bilmir. Aktyor sanki öz plastikasını kuklaya ötürür.
- Mədəniyyət və İncəsənət Universitetində kukla teatrı aktyorluğu fakültəsi olmadığı halda siz yeni kuklaçıları necə hazırlayırsınız?
– Çox ciddi bir məsələyə toxundunuz. Azərbaycanda 5 dövlət kukla teatrı olmasına baxmayaraq, sənət təhsili verən ali və ya orta ixtisas məktəblərində nə bir kukla teatrı rejissoru, nə də ki, kukla teatrı aktyoru fakültəsi var. Teatr ola-ola fakültənin olmaması qəribədir. Bu illər ərzində aktyorlarımız ancaq kukla teatrının özündə yetişib. Aktyorların əksəriyyəti başqa fakültələri bitirirlər. Dəfələrlə bu vəziyyəti gündəmə gətirsək də hələ ki, bir nəticə yoxdur. Mən hətta demişəm ki, heç olmasa balaca kurs açılsın, yəqin görünür bu məsələ onlardan da asılı deyil.
- Bu beş kukla teatrı ilə əlaqələriniz hansı səviyyədədir, yaradıcılıq baxımından rəqabət mühiti yarada bilirsinizmi?
- Bilirsiniz ki, bu teatrlar Bakı, Naxçıvan, Gəncə, Qax və Salyanda fəaliyyət göstərir. Əgər xəritəyə baxsaq demək olar ki, ölkəmizin hər bir tərəfdə var. Çox istəyərdim Quba və ya Qusarda da Kukla Teatrı açılsın. Hətta teatr açıldığı halda biz ona hərtərəfli köməklik göstərməyə hazırıq. Eləcə də ilk növbədə 4-5 hazır tamaşanı kuklalı, dekorlu bağışlamağı düşünürük.
Azərbaycanda fəaliyyət göstərən beş kukla teatrında olan aktyorlarımız, rejissorlarımız, texniki personallarımız heç biri digər kollektivi özündən ayrı, ögey hesab eləmir. Yəni biz Gəncəyə gediriksə elə bilirik öz teatrımızdır və yaxud Qax, Salyan, Naxçıvandan kukla teatrları bura gəlirlərsə deyirik ki, elə bil öz teatrımızdayıq. Mənim əgər dörd dəvətim varsa və mən məlum məsələdir ki, dörd dəvətə eyni anda gedə bilmərəm. Həmin dəvətləri onlara göndərirəm. Yəni artıq 15 il bundan əvvəl belə bir şey yox idi. Amma indi teatrların çox gözəl münasibətləri, həmçinin gözəl aktyorları, kollektivləri var...
2024 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.