Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) nümayəndə heyəti Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə ölkəmizə səfər edib.
×
Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) nümayəndə heyəti Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə ölkəmizə səfər edib. Aprelin 24-dən 27-dək davam edəcək səfərin əsas məqsədi qurumlar arasında fəaliyyət istiqamətlərinə uyğun təcrübə mübadiləsi aparmaq və daha əvvəl tərəflərin imzaladığı anlaşma memorandumunun müddətinin uzadılmasından ibarətdir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Dövlət İmtahan Mərkəzində İdarə Heyətinin sədri Məleykə Abbaszadə və MQİM-in direktoru Nino Tseretelinin iştirakı ilə hər iki təşkilatın nümayəndələri arasında görüş keçirilib.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Mərkəz tərəfindən həyata keçirilən işlər haqqında danışıb. O bildirib ki, DİM-in sistemi bütün növ imtahanlar üçün xüsusi olaraq yaradılmış avadanlıq, proqram təminatı və metodologiyanı özündə birləşdirən dəqiq işləyən mexanizmdir: “Uzun illərdən bəri tətbiq olunan və bütün imtahan prosesini avtomatlaşdırmağa imkan verən açıq sosiotexniki sistemin əsas mahiyyəti ondan ibarətdir ki, qərar qəbul edən şəxs yalnız texnoloji, metodiki və texniki cəhətdən bu imkana malik olsun və onun qərarı konkret şəxsin nəticəsinə təsir göstərə bilməsin. Həmçinin kütləvi proseslərin idarə olunması zamanı qərarların qəbulu prosesi sistematik və ardıcıl qaydalar – alqoritmlər vasitəsilə həyata keçirilir. Biz beynəlxalq standartlar əsasında qiymətləndirmə aparmaqla Azərbaycanda təhsil və dövlət idarəetməsi xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə veririk”.
DİM-in ölkəmizdə informasiya kommunikasiya texnologiyalarını kütləvi proseslərin idarə olunmasına tətbiq edən ilk dövlət qurumu olduğunu xatırladan sədr imtahan prosesinin əksər mərhələlərinin avtomatlaşdırılmasına nail olunduğunu söyləyib. Bundan əlavə, DİM-in elektron imtahanlar korpusunun istifadəyə verilməsi biliyin qiymətləndirilməsi prosesinin rəqəmsallaşdırılması istiqamətində atılan ilk addım kimi qiymətləndirilib və orada yaradılan innovativ platforma, xüsusi proqram təminatı və texnoloji infrastruktur vasitəsilə binadan kənarda da bütün ölkə üzrə elektron imtahanların keçirilməsinə imkan yaradıldığı vurğulanıb.
Daha sonra çıxış edən MQİM-in direktoru Nino Tsereteli DİM-in fəaliyyəti ilə yaxından tanış olmaq üçün yaradılmış imkana görə təşəkkürünü bildirib və burada tətbiq olunan innovativ həllərin onların fəaliyyəti üçün də faydalı ola biləcəyini qeyd edib.