Hər il Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisi yazıçılar üçün əsl söz və yaradıcılıq bayramına çevrilir.
×
Hər il Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisi yazıçılar üçün əsl söz və yaradıcılıq bayramına çevrilir. Artıq altıncı ildir ki, təkcə oxucular və həmkarlarla görüşmək deyil, həm də ədəbi birliyin unikal ab-havasını yaşamaq imkanı verən bu genişmiqyaslı mədəni tədbirdə iştirak etməkdən çox məmnunam.
Bu sözləri XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AZƏRTAC-ın müxbirinə müsahibəsində tarixçi alim, “Çapar” nəşriyyatının baş redaktoru Dilqəm Əhməd deyib.
O qeyd edib: “Biz həm müəllif, həm də oxucu kimi bu yarmarkada iştirak etməkdən çox şadıq. Mən hər il bu tədbiri səbirsizliklə gözləyirəm, bütün stendlərə baş çəkirəm və maraqlı nəşrləri seçirəm”.
Azərbaycan milli mətbuatının 150 illik yubileyindən danışan Dilqəm Əhməd bu il sərgidə Azərbaycan Mətbuat Şurası tərəfindən hazırlanmış iki nəşrin – müəlliflər Akif Aşırlı və Müsəllim Həsənovun kitablarının təqdimatında iştirak etdiyini vurğulayıb.